Menyu

Müasir dövrün gizli epidemiyası: Cəmiyyətdə aqressiya niyə artır?

Ayşən Sadıxzadə
Müasir dövrün gizli epidemiyası: Cəmiyyətdə aqressiya niyə artır?

Müasir dövrün ən böyük gizli epidemiyalarından biri fiziki xəstəliklər deyil, cəmiyyətin hər təbəqəsində özünü büruzə verən artan aqressiya meyilləridir. Sosial şəbəkələrdəki şərhlərdən tutmuş, tıxaclardakı mübahisələrə qədər hər yerdə hiss olunan bu gərginlik sadəcə fərdi xarakter məsələsi deyil, həm də kollektiv psixoloji yorğunluğun göstəricisidir

Bəs insanları bu qədər qəzəbli edən nədir?

Mövzu ilə bağlı Operativ Media-ya danışan nevroloq Röyanə Quluzadə bildirib ki, insanlar arasında aqressiyanın artmasının həm psixoloji, həm sosial, həm də nevroloji səbəbləri var.

O bildirib ki, burada başlıca səbəb stress və gərgin həyat tərzidir:

“Müasir həyatın sürətli tempi, maddi problemlər, iş yükü və gündəlik qayğılar insanlarda davamlı stress yaradır. Uzunmüddətli stress beyində emosiyaları idarə edən mexanizmlərə təsir edir və insan daha tez aqressiv reaksiya verir.

Yuxusuzluq və yorğunluq

Keyfiyyətsiz yuxu diqqət, səbir və emosional nəzarəti zəiflədir. Xroniki yorğunluq insanın ən kiçik problemə belə əsəbi yanaşmasına səbəb ola bilər.

Sosial media və informasiya yükü

Gündəlik olaraq neqativ xəbərlərə, mübahisələrə və aqressiv paylaşımlara məruz qalmaq insan psixologiyasına təsir edir. Sosial mediada davamlı müqayisə və virtual gərginlik də aqressiyanı artıran amillərdəndir.

Psixoloji problemlər

Depressiya, təşviş pozuntuları və emosional gərginlik bəzən aqressiya şəklində özünü göstərə bilər. İnsan daxilindəki gərginliyi idarə edə bilmədikdə bunu davranışlarına əks etdirir.

Bəzi hallarda aqressiv davranışların arxasında nevroloji səbəblər də ola bilər. Beyin travmaları, hormonal dəyişikliklər, alkoqol və bəzi maddələrin təsiri emosional nəzarəti zəiflədə bilər.

Aqressiyanı azaltmaq üçün nə etmək lazımdır?

1.Yuxu rejimini normallaşdırmaq

2.Fiziki aktivliyi artırmaq

3.Sosial mediadan istifadəyə limit qoymaq

4.Stress idarəetmə üsullarını öyrənmək

Lazım olduqda isə psixoloq və ya nevroloqa müraciət etmək vacibdir.

Cəmiyyətin emosional sağlamlığı fərdlərin psixi və fiziki sağlamlığından başlayır. Aqressiyanın səbəblərini düzgün anlamaq və vaxtında müdaxilə etmək daha sağlam və sakit cəmiyyət üçün vacibdir”.

Sosioloq Üzeyir Şəfiyev bildirib ki, aqressiv davranışlar daha çox böyük şəhərlərdə və xüsusilə paytaxt mühitində müşahidə olunur:


"Bunun əsas səbəblərindən biri insanların gündəlik olaraq yüksək səs-küyə, informasiya axınına və psixoloji yüklənməyə məruz qalmasıdır. Şəhər həyatında akustik travmalar, davamlı səs çirkliliyi, nəqliyyat sıxlığı və insanların şəxsi məkanının məhdudlaşması psixoloji gərginliyi artırır.

Bununla yanaşı, sosial media və xəbər platformalarında yayılan “şok effekti” üzərində qurulan məzmunlar da aqressiyanın yüksəlməsinə təsir göstərir. Daim sensasion başlıqlar, qorxu, qəzəb və qarşıdurma üzərindən təqdim olunan informasiyalar insan psixikasını yorur və emosional sabitliyi zəiflədir. Xüsusilə sosial şəbəkələrdə aqressiyanı təşviq edən, aşağılama və nifrət dili üzərində qurulan “sarı paylaşımlar”ın çoxluğu insanlarda mənfi emosional fon yaradır. Auditoriya toplamaq məqsədilə yayılan bu tip məzmunlar cəmiyyətdə gərginliyi daha da artırır.

İctimai nəqliyyatda yaşanan sıxlıq, uzun tıxaclar, yüksək həyat tempi və davamlı sosial təzyiq də insanların daha tez əsəbiləşməsinə səbəb olur. İnsan psixikası uzun müddət bu qədər stimul və stress altında qaldıqda aqressiv reaksiyalar daha asan ortaya çıxır.

Bu baxımdan sosial şəbəkələrdə müəyyən filtr və nəzarət mexanizmlərinin tətbiqi, aqressiyanı və amoral davranışları təşviq edən məzmunların məhdudlaşdırılması faydalı ola bilər. Çünki cəmiyyətdə aqressiyanın yüksəlməsi sosial anomiyaya, insanlar arasında etimadın azalmasına və ümumi psixoloji iqlimin sərtləşməsinə gətirib çıxarır. Nəticədə kütləvi melanxoliya, depressiv hallar və insanlararası münasibətlərdə konfliktlər artır. Sağlam informasiya mühiti isə həm fərdlərin psixoloji vəziyyətinə, həm də cəmiyyətin sosial harmoniyasına müsbət təsir göstərir”.

Psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, bu gün demək olar ki, 7-dən 77-yə hər kəs müəyyən stres və gərginlik içində yaşayır:

"Bu stres bəzən uşağın məktəb həyatına başlaması ilə ortaya çıxır. Uşağın təhsilə uyğunlaşma prosesi həm onun özündə, həm də valideynlərdə emosional gərginlik yaradır. Davamlı stres isə zamanla əsəbilik və aqressiv davranışlara səbəb ola bilir.

Digər mühüm səbəblərdən biri iqtisadi çətinliklərdir. İşsizlik, maddi sıxıntılar, insanların gəlirindən artıq xərcləməyə məcbur qalması, kredit və borc yükünün artması psixoloji təzyiq yaradır. İnsan maddi çıxılmazlıq hiss etdikdə bu vəziyyət onda qəzəb, ümidsizlik və emosional gərginlik formalaşdırır. Bəzi hallarda isə bu gərginlik daha ağır nəticələrə, hətta cinayət hadisələrinə qədər gətirib çıxara bilir.

Müasir dövrdə aqressiyanı artıran əsas amillərdən biri də informasiya yüklənməsidir. Bu gün insanlar təkcə emosional deyil, eyni zamanda informasiya stresinə də məruz qalırlar. Xüsusilə səhər oyanan kimi telefona baxmaq, neqativ xəbərlər, mübahisələr, ölüm xəbərləri və aqressiv paylaşımlarla qarşılaşmaq insanın emosional vəziyyətinə ciddi təsir edir. İnsan günə sakit və balanslı deyil, gərgin informasiya axını ilə başlayır. Bu isə psixoloji yorğunluğu artırır.

Ailə daxilində yaşanan problemlər də aqressiyanın formalaşmasında böyük rol oynayır. Davamlı mübahisələr, psixoloji və fiziki zorakılıq, ailə üzvlərinin bir-birini dinləməməsi münasibətlərdə soyuqluq yaradır. Empatiyanın azalması isə insanların bir-birinə qarşı anlayışsız və sərt davranmasına səbəb olur. Nəticədə konfliktlər artır, insanlar arasında emosional məsafə yaranır.

Psixoloji problemlər də bu prosesin ayrılmaz hissəsidir. Uzunmüddətli stres və gərginlik depressiya, travmatik düşüncələr, şübhə və narahatlıq hisslərini artırır. Xüsusilə yuxusuzluq və xroniki yorğunluq insan psixikasını daha da zəiflədir. Bu gün sosial şəbəkələrdə həddindən artıq aktiv olan insanların əksəriyyətində yuxu rejiminin pozulduğunu müşahidə etmək mümkündür. İnsan kifayət qədər istirahət etmədikdə ən sadə sözə belə aqressiv reaksiya verə bilir.

Bütün bunların nəticəsində cəmiyyətdə hörmət, anlayış və empatiya zəifləyir. İnsanlar bir-birini dinləməkdən uzaqlaşır, münasibətlərdə sərtlik artır. Aqressiyanın azalması üçün isə insanlar ilk növbədə psixoloji balanslarını qorumağa çalışmalıdırlar. Telefon və sosial mediadan müəyyən qədər uzaq qalmaq, gecə gəzintiləri etmək, idmanla məşğul olmaq, üzgüçülük və digər fiziki fəaliyyətlərlə məşğul olmaq insanın emosional vəziyyətinə müsbət təsir edir. Sağlam ünsiyyət qurmaq, yuxu rejimini normallaşdırmaq və empatiya bacarığını inkişaf etdirmək də çox vacibdir.

Eyni zamanda insanlar ehtiyac olduqda psixoloq dəstəyinə müraciət etməkdən çəkinməməlidirlər. Çünki psixoloji sağlamlıq insanın həm öz daxili rahatlığı, həm də cəmiyyətlə münasibətləri üçün əsas amillərdən biridir. Daxili rahatlıq isə insanın həm özü, həm də ətrafı ilə harmoniyada yaşaması deməkdir”.

Əlaqəli Xəbərlər