Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb. Məlum olub ki, bu ilin keçid ballarında ötən illərə nisbətən azalma var. Bir çox universitetlərdə dövlət sifarişli ixtisaslara qəbul balları 650 və yuxarı baldan 200-dək enib.
“Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları əvvəlki illərdən kifayət qədər fərqlənirdi. İlk növbədə I ixtisas qrupunda alt qruplarının yaradılması, həmçinin İnformatikanın əlavə fənn olaraq daxil edilməsi öz təsirini birmənalı şəkildə göstərdi”.
Bunu təhsil eksperti Kamran Əsədov “Operativ Media”ya açıqlamasında qeyd edib.
O bildirib ki, ayrı-ayrılıqda qruplar üzrə dəyərləndirmə etdikdə hətta IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə 150 balla, həmçinin strateji ixtisaslarla müəllimliyə ən minimum ballarla bölgələrdə qəbul olmağın mümkün olduğu aydın olub.
“Belə ki, əvvəlki illərdə Azərbaycan Neft və Sənaye Universitetində ingilis dilində tədris ilə “Proseslərin avtomatlaşdırılması” ixtisası 600 balın üzərində idisə, dəyişiklikdən sonra həmin ixtisasın keçid balı 200-ə düşdü. Həmçinin I ixtisas qrupunda 18000 plan yerinin 1300-ü dövlət sifarişli idi və bu il həmin qrup üzrə plan yerləri kəskin şəkildə artmışdı deyə 200 bal ilə dövlət universitetlərində ödənişsiz ixtisaslara qəbul olmaq mümkün oldu. Hətta bu ixtisas qrupunda Gəncə və Lənkəranda 175 baldan ali məktəblərə qəbul olanlar var. Xüsusən AzTU, AZMİU kimi universitetlərdə ən aşağı ballarla ödənişsiz ixtisaslara qəbul baş verib. Hərçənd bu, aşağı göstəricidir, lakin təhsilin əlçatımlığına xidmət edir. III ixtisas qrupunda yüksək bal toplayan abituriyentlər məhz Bakı Dövlət Universitetinə, I ixtisas qrupunda Bakı Ali Neft Məktəbinə, II ixtisas qrupunda Azərbaycan Dövlət İqtisad Universitetinə üstünlük vermişdilər. Həmçinin tibb bacısı ixtisasına 450-480 bala qədər qəbul olmaq təəccüb doğurmuşdu”.
K.Əsədov bildirib ki, ixtisas seçimlərində keçid ballarının kəskin şəkildə aşağı düşməsi gələcək proqnoz üçün müəyyən problemlər yarada bilər:
“Ümumilikdə bu illəri ali məktəblərə fantastik göstəricilər qeydə alınıb və 50 mindən çox şəxs qəbul olub. Azərbaycanda ali təhsilli vətəndaşların sayının artması istiqamətində bu yaxşıdır. Amma IV ixtisas qrupunda 150 balla ali təhsil almağın mümkünlüyü gələcəkdə həmin kadrların əmək bazarına daxil olmasında müəyyən qədər problemlər yarada bilər. İxtisas seçimi zamanı rəqabət mühitinin olması subbakalavrların ali məktəbə qəbulunda da özünü göstərir. İstənilən halda 6000-ə yaxın subakalavrın ali məktəblərə qəbul olması yaxşı bir haldır. Amma bu, təbii ki, ali məktəblərin plan yerlərini doldurmaqdan başqa bir missiyanı yerinə yetirmir. Bəzən subakalavrlar ali təhsil müəssisələrində tədrisin normal gedişinə müəyyən qədər mənfi təsir göstərir. Çünki onlar əvvəl oxuyub qiyabiyə meyillənirlər deyə, dərs prosesində daha az iştirak etməyə çalışırlar”.
Ekspert bu ilin universitetlərə qəbul nəticələrinin səviyyəsini orta təhsil məktəblərində tədrisin keyfiyyətinin aşağı olması ilə əlaqələndirib.
O, həmçinin əlavə edib ki, ali təhsil müəssisələrinə qəbul üçün nəzərdə tutulan yerlər tam şəkildə dolmayıb və yaxın günlərdə ikinci tur olacaq, müsabiqə şərtini ödəyənlər isə sentyabrın 4-dən 9-na qədər ixtisaslaşmə edəcəklər.
Sevinc İbrahimzadə