Luvr muzeyindən oğurluqla bağlı iki nəfər saxlanılıb

Operativ Media
Luvr muzeyindən oğurluqla bağlı iki nəfər saxlanılıb

Fransanın məşhur Luvr muzeyindən tarixi eksponatların oğurlanmasında iştirak edənlərdən ikisinin saxlanıldığı bildirilir.

Operativ Media  Anadolu agentliyinə istinadla bildirir ki, oğurluqdan təxminən bir həftə sonra iki şübhəli nəzarətə alınıb.

İşlə tanış olan mənbələr bildiriblər ki, şübhəlilərdən biri dünən axşam saat 22:00 radələrində Parisin Şarl de Qoll hava limanında Əlcəzairə getməyə cəhd edərkən yaxalanıb və saxlanılıb. Mənbələr digər şübhəlinin necə tutulması ilə bağlı təfərrüatlı məlumat verməsələr də, hər iki şəxsin 30 yaşlarında olduğunu bildiriblər.

BFMTV-nin reportajında tutulanların oğurluğu həyata keçirən 4 nəfərdən ikisinin olduğu, lakin oğurlanan tarixi əsərlərin hələ də tapılmadığı iddia edilib.

Şübhəlilərin həbsindən sonra daxili işlər naziri Laurent Nunez paylaşım edərək, istintaqı aparan məhkəmə və təhlükəsizlik qüvvələrinə təşəkkür edib. Nazir Laurent istintaqın məxfilik və qətiyyətlə aparılacağını bildirib.

Qeyd edək ki, oktyabrın 19-da səhər saatlarında Fransanın paytaxtı Parisdə hər gün minlərlə ziyarətçiyə ev sahibliyi edən və 35 minə yaxın əsərin nümayiş olunduğu məşhur Luvr muzeyindən oğurluq edilib. Tac zinətlərinin nümayiş olunduğu Apollon Qalereyasından doqquz qiymətsiz sənət əsəri oğurlanıb. Oğurluqdan sonra Luvr muzeyində nümayiş olunan zinət əşyalarının bir qismi milli mərkəzi bank olan Fransa Bankına köçürüldü.

Muzeydən oğurlanan əsərlərin dəyərinin 88 milyon avro olduğu bildirilir.

Digər xəbərlər