Artıq geridə qalan üç ay – iyun, iyul və avqust indiyədək aparılan müşahidələrin tarixində ən qızmar yay dövrü kimi qeydə alınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa İttifaqının “Kopernik” İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, dəniz səthindəki qlobal temperatur artıq ardıcıl olaraq üç aydır ki, indiyədək qeydə alınmadığı qədər yüksək həddədir, Antarktikadakı dəniz buzlağının uzunluğu isə ilin bu mövsümündə ən rekord aşağı səviyyədə qalmaqda davam edir:
"Planetimiz, bir müddət əvvəl qaynama mövsümü ilə üzləşməli olub - bu ilin yayı indiyədək müşahidə edilən ən qızmar yaydır. İqlim böhranı başlayıb”.
Xatırladılıb ki, alimlər qazıntı yanacağından asılılığın nə ilə nəticələnəcəyi ilə bağlı artıq xeyli vaxtdır ki, xəbərdarlıq ediblər:
"İqlim dəyişikliyi o qədər sürətlə davam edir ki, biz yeni hava şərtlərinə uyğunlaşmağa fürsət tapa bilmirik, ekstremal hava hadisələri planetin hər bir yerində qeydə alınır.
Temperaturun kəskin artması müvafiq tədbirlərin görülməsini zəruri edir. Liderlər artıq indidən iqlim dəyişiklikləri ilə bağlı mübarizə tədbirlərini gücləndirməlidir. Bizim bu iqlim xaosu şəraitində baş verə biləcək kəskin böhrandan çıxış yolumuz hələ ki var, lakin biz bir dəqiqəmizi belə itirə bilmərik”.
Meteoroloqlar qeyd edirlər ki, bu ilin arxada qalan avqust ayı indiyədək müşahidə edilən ən qızmar avqust ayı (müqayisə zamanı ortaya çıxan fərq böyükdür) və 2023-cü ilin iyulundan sonrakı ən qızmar ay kimi qeydə alınıb. Ekspertlərin qiymətləndirmələrinə əsasən, avqustda temperatur sənayeyəqədərki dövrün orta göstəricisindən təxminən 1,5 dərəcə Selsi yüksək olub (1850-1900-cü illər).
Ümumilikdə, avqustda bütün digər aylarla müqayisədə dəniz səthində 20,98 dərəcə Selsiyə çatan ən yüksək qlobal orta aylıq temperatur müşahidə edilib. Bu göstərici avqust ayının hər günü təkrarlanmaqla, 2016-cı ilin mart ayında qeydə alınan əvvəlki rekordu üstələyib.
Antarktikada dəniz buzlağının uzunluğu ilin bu mövsümü üçün rekord göstərici nümayiş etdirərək, aylar üzrə göstəricidən 12 faiz az olub və ən aşağı səviyyədə qalmaqda davam edib, bu isə bugünkü gündə, 1970-ci ilin sonundan aparılan peyk müşahidələrinin başlandığı andan indiyədək qeydə alınan ən böyük mənfi anomaliyadır.
“Cənub yarımkürəsində Antarktika dəniz buzlağının uzunluğu demək olar ki, ən aşağı səviyyəyə malik olub, dəniz səthindəki qlobal temperatur isə yenə də yeni rekord göstəriciyə yüksəlib. Qeyd etmək lazımdır ki, bu dəyişiklik, özünü tam ölçüdə adətən öz inkişaf dövrünün ikinci ilində büruzə verən El-Ninyo hadisəsi ilə əlaqədar müşahidə edəcəyimiz tam istiləşmə prosesindən əvvəl baş verməkdədir”, - deyə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Baş katibi professor Petteri Taalas bildirib.
Arktikada dəniz buzlağının uzunluğu avqust ayında orta göstəricidən 10 faiz aşağı, lakin 2012-ci ilin avqustunda qeydə alınan rekord minimum göstəricidən xeyli yuxarı olub.
Ekspertlər, həmçinin, bildirirlər ki, yanvar-avqust dövrünə aid məlumatların qiymətləndirilməsinə əsasən, bugünədək 2023-cü il El-Ninyo hadisəsi ilə əlaqədar 2016-cı ildə baş vermiş güclü istiləşmədən sonra ikinci ən isti il sayılır.
“2023-cü ilin ilk səkkiz ayı ərzində biz indiyədək müşahidə edilən ikinci ən isti ili yaşayırıq, o, sadəcə olaraq, 2016-cı ildən bir qədər sərin keçir, - deyə, “Kopernik” Xidmətinin direktoru Karlo Buontempo bildirib.
“Bizim müşahidə etdiyimiz hal təkcə yeni ekstremal iqlim hadisəsinin baş verməsi deyil, həm də bu rekord hava şərtlərinin davamlı olması, insanlara və həm də planetə öz təsirini göstərməsidir, bu göstəricilər məhz iqlim sisteminin istiləşməsinin bariz nəticəsidir”, - o, əlavə edib.
ÜMT və Britaniya Meteorologiya Bürosunun may hesabatına əsasən, növbəti beş ildən ən azı birinin indiyədək müşahidə edilən ən isti il olacağı ilə bağlı ehtimal təxminən 98 faiz təşkil edir. Qlobal temperaturun artım göstəricisinin müvəqqəti də olsa, nisbətən növbəti beş ildən ən azı birində sənayeyə qədər olan səviyyə ilə müqayisədə 1,5 dərəcə Selsini keçəcəyi ehtimalı isə 66 faizə bərabərdir.
Lakin meteoroloqların sözlərinə görə, bu, qlobal temperaturun həmişəlik olaraq sənayeyə qədər olan səviyyə ilə müqayisədə 1,5 dərəcə Selsini keçəcəyi demək deyil. Xatırladaq ki, bu rəqəm Paris İqlim Sazişində öz əksini tapıb və hələ uzun illər ərzində bu səviyyədəki uzunmüddətli istiləşməyə aid olacaq.