
Bəzən insanlar gərgin iş və həyat tempində evdə yemək hazırlamağa vaxt tapmadıqları üçün ən asan və praktik variant olan dondurulmuş qidaların istehlakına üstünlük verirlər. Əksər insanı həmin qidanın hansı hallarda sağlamlıq üçün faydalı olub-olmaması düşündürür. Buna baxmayaraq, sərfəli və qənaətcil olduğu üçün istehlak nisbətləri günü-gündən artan bu qidalara təlabat olduqca yüksəkdir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Operativ Media”ya açıqlamasında qeyd edib ki, dondurulmuş qidaların donu açıldıqdan sonra yenidən dondurulması həmin qidanı mikrobioloji cəhətdən çirkləndirir.
Onun sözlərinə görə, texniki şərtlərə və standartın tələbinə uyğun olaraq dondurulmuş qidaların yararlılıq müddəti və saxlanma şəraitinin xüsusi əhəmiyyəti var:
“Qida Təhlükəsizliyi Agentliyin əsas işlərindən biri budur ki, fermer təsərrüfatından və yaxud fermadan qidanın istehlakçıya hazırlanıb çatdırılmasını soyuq zəncir üzrə təmin etsin, eynilə də isti qidalar isti şəkildə çatdırılmalıdır. Lakin bir qida dondurulub, donu açılandan sonra təzədən dondurulanda artıq çirklənmiş qida hesab olunur. Xüsusən balıq və toyuq məhsulları bu baxımdan çox həssasdır. Hər bir qidanın etiketində, onun saxlanma temperaturu, saxlanma müddəti yazılmalı və həmin ona uyğun saxlanılmalıdır”.
E.Hüseynov xüsusilə kənar ölkələrdən gələn qidalardan istifadə edərkən diqqətli olmaq lazım olduğunu vurğulayıb:
“Bəzən onların etiketləri əyilmiş və ya zədələnmiş olur ki, bu yolda gələn zaman onların temperatur təzyiqinə məruz qaldığından xəbər verir. Lakin xüsusi cihazlı avtomobil var ki, onun vasitəsilə kənar ölkələrdən və uzaq məsafədən gələn qidalar üçün avtomatik olaraq temperatur yazır, yükü qəbul edən tərəf baxır ki, bu qida həmin temperatur təzyiqinə məruz qalıb və ya qalmayıb”.
Sevinc İbrahimzadə