İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin (PSC) baş direktoru Nail Maqanov arasında görüş keçirilib.
Nazirlikdən "Operativ Media"ya bildirilib ki, görüşdə “Tatneft” PSC ilə əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə olunub. Müzakirələr zamanı şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, energetika sahəsində əməkdaşlıq imkanlarına baxılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində SOCAR və “Tatneft” PSC şirkətləri arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb. Sənəd şirkətlər arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə əməkdaşlığı nəzərdə tutur. Yol Xəritəsini SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov imzalayıblar.
Daha sonra nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.
***
14:27
İqtisadiyyat naziri Mikayıl Cabbarov və "SOCAR"ın prezidenti Rövşən Nəcəf Tatneft şirkətinin baş direktoru Nail Maqanov ilə görüş keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "X"də bildirib.
""SOCAR"ın prezidenti Rövşən Nəcəflə birlikdə "Tatneft" şirkətinin baş direktoru Nail Maqanov ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə əməkdaşlığının prioritet istiqamətləri, energetika sahəsində həyata keçirilən layihələr və birgə istehsalın təşkili imkanları barədə fikir mübadiləsi apardıq. Görüş çərçivəsində "SOCAR" və "Tatneft" şirkətləri arasında imzalanmış əməkdaşlığa dair yol xəritəsinin icrası tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcək", - o, qeyd edib.






