“Yaşıl enerji”ni evlərimizə necə gətirə bilərik? - AÇIQLAMA

Nərmin Qocamanlı
“Yaşıl enerji”ni evlərimizə necə gətirə bilərik? - AÇIQLAMA

Son illərdə qlobal enerji siyasətində əsas istiqamətlərdən biri “yaşıl iqtisadiyyat”a keçid məsələsidir.

Bəs bərpa olunan və ya “yaşıl enerji”ni gündəlik istifadə üçün evlərimizə necə gətirə və tətbiq edə bilərik?

Mövzu ilə əlaqədar enerji məsələləri üzrə ekspert İlham Şaban “Operativ Media”ya bildirib ki, “yaşıl enerji”ni daha çox həyət evi olan insanlar reallaşdıra bilər:

“Təkcə həyət evi yox, mövcud qanunlara görə, hətta çoxmərtəbəli evdə yaşayan insan belə mənzil istismarı ilə məşğul olan qurumdan icazə alıb fərdi evinin damında günəş panellərini quraşdıra bilər. Artıq Azərbaycanda özəl şirkətlər var ki, bu xidməti həyata keçirirlər. Həmçinin əlindən gəlirsə, şəxsin özü də xüsusiləşmiş mağazalardan, pərakəndə satış məntəqələrindən, o cümlədən Sədərəkdən bu panelləri alıb quraşdıra bilər. Təbii  ki, onun montajı  istismar qaydalarına uyğun edilməlidir”.

Ekspert qeyd edib ki, günəş panellərinin montajı özündən olduqca baha başa gəlir:

“Bu qurğular sadəcə paneldən ibarət deyil, onun enerjinin saxlanması və alınan enerjinin dəyişən cərəyana çevrilərək evdəki istehlak cihazlarına daxil olması təmin edilməlidir. Onun üçün də montaj işləri ayrıca xərc tələb edir və kifayət qədər bahalıdır. Azərbaycanda qanunvericilik bununla bağlı heç bir məhdudiyyət yaratmayıb. Bu baxımdan da biz artıq bölgələrə gedəndə görürük ki, əsasən kommersiya obyektləri, motellər, istirahət mərkəzləri damlarında günəş panellərindən istifadə edir”.

O, qeyd edib ki, bu alternativ enerji mənbələrindən isti su əldə etmək üçün də istifadə edilib və bu məsələ hələ ki individualdır.

Digər xəbərlər