Əmlak sahibləri mənzil kirayə verərkən əksər hallarda kirayə müqaviləsi bağlamırlar. Belə olan halda isə tərəflər arasında hüququ cəhətdən heç bir öhdəlik olmur.
"Operativ Media"ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, bəzi ev sahibləri mənzil kirayə verərkən müqavilə bağlamaqdan yayınırlar. Bu isə sonradan həm əmlak sahibinə, həm də kirayənişinə müəyyən problemlər yarada bilər.
"Kirayə müqaviləsi ev sahiblərinə sərf etmədiyi üçün çox vaxt qeyri-rəsmi qaydada mənzil kirayələyirlər. Evini kirayə vermək istəyənlər çox olur. Biz də onları maarifləndiririk ki, kirayə müqaviləsi rəsmiləşdirilsə, daha uyğundur. Çünki rəsmiləşdirmə ilə bağlı müəyyən sənədlər tələb olunur. Bu sənədləşmədən də əhali, təəssüf ki, yayınır. Yayınmağın səbəbi də müəyyən xərclər və lazım olan razılıq ərizələridir. Yəni proses daha sadələşdirilmiş olsa, çox güman ki, vətəndaşlar ondan yararlana bilərlər. Əgər kirayə müqaviləsi notariat qaydada imzalanmış olsa, hər iki tərəfin, əslinə qalsa, öz xeyrinə olan öhdəlikləri olur”.
Qanunvericiliyə əsasən, daşınmaz əmlakla bağlı bütün əməliyyatlar məhz notariat qaydada təsdiqlənən yazılı müqavilə əsasında həyata keçirilməlidir. Bu müqavilənin bağlanmamasına görə hüquqi sanksiya yoxdur. Ancaq bundan hər iki tərəf zərər çəkə bilər.
"Müqaviləsiz kirayənişin yerləşdirən mülkiyyətçi aşkarlanarsa, həmin şəxs cərimələnir. Notariat qaydasında təsdiq olunmuş kirayə müqaviləsi bağlayan vətəndaş rəsmi bir gəlir əldə etmiş olur. Vergi qanunvericiliyinə görə rəsmi gəlir əldə edən vətəndaş əldə etdiyi gəlirdən mütləq qaydada dövlət vergilərini verməlidir. Yəni mənzilini rəsmi kirayə vermək istəyən vətəndaş mütləq qaydada məcburdur ki, müvafiq vergi orqanında qeydiyyatdan keçsin, öz adına vöen alsın, müvafiq bank hesabları açsın və müəyyən uçot, mühasibatlıq, gəlir-çıxar və s. qaydalara və tələblərə əməl etsin. Vergi qanunvericiliyinə əsasən, icarəhaqlarına görə vergi 14 faiz təşkil edir. Bu və digər xərcləri nəzərə aldıqda isə vətəndaşlar kirayə müqaviləsi bağlamaqda maraqlı olmurlar”.






