“Aztəminatlı ailələr ev ala biləcək” - Ekspert

Nərmin Qocamanlı
“Aztəminatlı ailələr ev ala biləcək” - Ekspert

İşğaldan azad olunmuş ərazilərdə məskunlaşma davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışını həyata keçirdi. Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışı baş tutdu. Növbəti mərhələdə isə bölgələrdə, eləcə də Bakıda olan keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışı həyata keçiriləcək. Bəs məcburi köçkünlər üçün tikilən evlərin satışa çıxarılması daşınmaz əmlak bazarına təsir edəcəkmi?

“Operativ Media”ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, bazarda canlanma olacaq. Lakin, qiymətlərin enməsi məsələsi bütün ərazilərdə müşahidə edilməyəcək:

“Bu binalar dövlət sifarişi ilə tikildiyindən xərci az olub. İstər torpaq xərci, istər komunal xidmətlərin təşkilinə görə edilən ödənişlər digər tikilən binalarla müqayisədə daha ucuz qiymətə başa gəlib. Bir amili də nəzərə almaq lazımdır ki, bu binalar mərkəz ərazilərdə inşa edilməyib. Paytaxtda metrostansiyaların yaxınlığında olan evlər üçün eləcə də, nisbətən bahalı sayılan ərazilərində qiymətə təsir etməyəcək. Amma, Ramana qəsəbəsi, Lökbatan, Qobu kimi yerlərdə qiymətə təsir edəcək. Keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışı aztəminatlı ailələrin ev arzusunun reallaşmasına imkan yaradacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) həyata keçirdiyi son satışda xeyli sayda mənzil satıldı. Tam təmirli mənzillərin bir kvadratmetri ortalama 700-850 manat arasıdır. Vətəndaş 68 min manata 4 otaq mənzil əldə edə bilər”.

Digər xəbərlər