Yaponiya və ABŞ müdafiə alyansının bir hissəsi olaraq regionda mövcudluğunu ardıcıl şəkildə gücləndirmək və birgə təlimləri intensivləşdirmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiyanın yeni müdafiə naziri Şinjiro Koizumi amerikalı həmkarı Pit Heqsetlə Tokioda keçirilən danışıqlardan sonra bildirib.
“Dünyanın ən böyük ittifaqını — Yaponiya-ABŞ müttəfiqliyini gücləndirmək üçün biz ilk növbədə birgə komandanlıq strukturunu təkmilləşdirməli, Hind-Sakit okean regionunda birgə mövcudluğumuzu artırmalı və təlimləri intensivləşdirməliyik”, — o qeyd edib.
Koizumi vurğulayıb ki, bütün bunlar Yaponiya-ABŞ müttəfiqliyinin əsas prioritetləridir və bu istiqamətdə Yaponiya Özünümüdafiə Qüvvələri ilə ABŞ Silahlı Qüvvələri birlikdə fəaliyyət göstərəcək.
Yaponiyanın müdafiə nazirliyinin yeni rəhbəri əlavə edib ki, o, Heqsetlə Cənubi Koreya, Avstraliya və Filippin kimi müttəfiq ölkələrlə, o cümlədən məlumat mübadiləsi sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.






