Azərbaycana gələn xarici qonaqların ölkəmizdə necə qarşılanması qədər, qaldıqları hotellərdə gördükləri şərait və diqqət də olduqca önəmlidir. Bu həm onların yaddaşında Azərbaycan haqqında yaranan təssüratı doğurur, həm də gördükləri dəyər nə vaxtsa yenidən ölkəmizə gəlmək istəmələri və ya başqalarına tövsiyə etmələri üçün səbəb olur.
Bəs ölkəmizin ərazisində yerləşən hotellərin hansı problemləri var?
Turizm eksperti Azər Hüseynov “Operativ Media”ya açıqlamasında bildirib ki, ölkədəki bir sıra hotelləri çıxmaq şərti ilə qalan hotellərin heç biri öz ulduzlarının sayına layiq deyillər:
“İctimai bir təşkilat olan Hotellər Assosiasiyasının heç bir səlahiyyəti yoxdur. Dövlət tərəfindən otellərə xüsusi nəzarət komitəsi yaradılmalıdır ki, onlar ən azından verdiyi xidmətə görə cavab versin. Eləcə də hotellərin girişində həmin o təşkilatın telefon nömrəsi olmalıdır ki, gələn turist problem yarandığı zaman əlaqə saxlaya bilsin. Hotellərdə olan problemlər çoxdur. Su problemi, pəncərənin açılmaması və ya istənilən istiqamətdə açılmaması, açarların işləməməsi, sifariş edilən otaq ilə verilən otağın düzgün olmaması və s. parametrlər düz gəlmir”.
Onun sözlərinə görə, bu problemlərin həlli istiqamətində fəaliyyət göstərən nəzarət qurumu olsa, turizm sahəsinə müsbət təsir göstərər:
“Çünki ölkəmizə Çindən, Gürcüstandan, İsraildən gəlib Azərbaycanda ekskursiyalar keçən bələdçilərin qarşılaşdığı bir çox problem olur. Xüsusilə hotellərin ilk növbədə qiymətləri çox bahadır və təqdim etdikləri xidmət ödənilən qiyməti əks etdirmir. Bununla yanaşı, həm də qonaqlara qarşı məsuliyyətsiz davranılır”.
Sevinc İbrahimzadə






