Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrinin ticarət dövriyyəsinin ümumi həcmi 42 milyard ABŞ dolları dəyərindədir və bu göstəricinin artırılması üçün potensial var.
"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün Bakıda keçirilən Türk Dövlətləri İqtisadi Forumunda deyib.
Səfir vurğulayıb ki, bu təşkilat üzv ölkələr arasında iqtisadi, ticarət əlaqələrinin inkişafına töhfə verir.
Onun sözlərinə görə, dünən Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıb: "Onların əməkdaşlığı bölgənin dəyərli və strateji əhəmiyyətə malik olduğunu bir daha göstərdi".
C.Bağçı əlavə edib ki, Türkiyə müdafiə sənayesi çox inkişaf edib: "Bu istiqamətdə yüksək texnologiyalara əsaslanan məhsullar istehsal edirik. Bu üstünlük Türk Dövlətləri Təşkilatı arasında əməkdaşlığı gücləndirə bilər".
Səfir hesab edir ki, bu forum təşkilata üzv olan ölkələr arasında iqtisadi əlaqələri təşviq edir: "Bununla yanaşı, investisiya yatırımlarını da genişləndirməliyik".