SOCAR və BOTAŞ arasında energetika sahəsində sazişlər imzalanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi iqtisadiyyat və enerji sahələrində də strateji tərəfdaşlıq uğurla inkişaf edir.
"Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə SOCAR və BOTAŞ arasında energetika sahəsində imzalanan sazişlər regionda enerji təhlükəsizliyinin güclənməsinə əlavə təkan verəcəkdir", - nazir qeyd edib.
Alparslan Bayraktar bildirib ki, keçən ay İstanbulda Azərbaycanın İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov ilə imzalanan Təbii Qaz Sahəsində Əməkdaşlıq Sazişinin infrastrukturunu formalaşdırmaq istiqamətində yeni addımlar atılıb.
"BOTAŞ ilə SOCAR arasında imzalanan 4 müqavilə ilə Azərbaycan qazı Türkiyə üzərindən Avropaya və Naxçıvana, Türkmənistan qazı isə ölkəmizə çatdırılacaq. Eyni zamanda BOTAŞ ilə AGSC arasında bu il başa çatacaq təbii qaz tədarükü müqaviləsinin 2030-cu ilin sonuna qədər uzadılmasını da imzaladıq. Ümid edirəm ki, sazişlər iki qardaş ölkə üçün faydalı olacaq", - Bayraktar deyib.
Şəkil Qalereyası










