Günorta çağlarında çimərliyə getmək məqsədəuyğun deyil - HƏKİM

Nərmin Qocamanlı
Günorta çağlarında çimərliyə getmək məqsədəuyğun deyil - HƏKİM

Yay aylarında havaların isti keçməsi nəticəsində günvurma və istivurma hadisələri baş verir. Bəs günvurma hadisəsi zamanı ilkin tibbi yardım necə olmalıdır?

Tibb üzrə ekspert, həkim Adil Qeybulla “Operativ Media”ya bildirib ki, günvurma və istivurma halları adətən ikisi də bir yerdə baş versə də, bir-birindən ayrıdır.

Onun sözlərinə görə, günvurma hadisələri daha çox açıq günəş altında olanda baş verir, istivurma isə  həm günəş altında, həm isti havada, həm də qapalı mühitdə baş verə bilər:

“Günvurma günəş şüalarının, xüsusilə ultrabənövşəyi şüaların düz düşən vaxtı orqanizmə təsirinə bağlıdır. İstivurma isə orqanizmin termorequlyasiya, yəni istilik tənzimi mexanizmlərinin pozulması ilə əlaqədardır. Hər iki halda əsas simptomlar təzyiqin düşməsi, rəngin avazıması, bədənin soyuq tərlə örtülməsi, gözlərin qaralması, huşun qaranlıqlaşması kimi hallar ola bilər. İnsanda bu sadalananlar baş veribsə, onu dərhal həmin yerdən daha sərin bir yerə keçirməli və başına yaş dəsmal qoyulmalı, bədəni sərin su ilə silinməlidir. Burada məqsəd dəri səthində temperaturun aşağı salınmasıdır. Bundan sonrakı addımlar isə xəstənin günəş şüalarına nə dərəcədə məruz qalmasından, istivurmanın dərinliyindən asılı olaraq həyata keçirilir”.

Həkim onu da əlavə edib ki,  insanların günorta çağlarında günəş şüaları altında dayanmaları, xüsusilə həmin vaxtlarda çimərliyə getmələri  məqsədəuyğun deyil:

“Xəstənin taleyini həll etmək üçün orqanizmdə  istivurmaya qarşı ilkin olaraq kompensator mexanizmlər işə düşür. Lakin müəyyən məqamdan sonra onlar tükənir və artıq orqanizmdə geridönməz proseslər baş verir. Ona görə də belə hallar baş verdiyi zaman ilk yardımın göstərilməsi mühümdür və  həkim yardımı qədər vacibdir.”

Sevinc İbrahimzadə

Digər xəbərlər