"Bu il ixtisas seçiminə buraxılanların sayı ötən ilki saydan xeyli az oldu" - EKSPERT

Nərmin Qocamanlı
"Bu il ixtisas seçiminə buraxılanların sayı ötən ilki saydan xeyli az oldu" - EKSPERT

Magistraturaya imtahan verən bakalavrların çoxu xüsusən ikinci cəhddə sualların çətinliyindən şikayətlənirdilər. Lakin bu il ixtisas seçimlərində balların aşağı düşdüyü bildirilib.

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri "Operativ Media"ya açıqlama verib.

O bildirib ki, 2024 -2025-ci  tədris ili üçün magistratura səviyyəsinə keçirilən qəbul imtahanlarının ikinci cəhdi özünün qəlizliyi ilə fərqlənib:

"Doğrudur, bəzən istər bakalavriatura, istər magistratura imtahanlarında mütləq ikinci cəhdin çətin olduğu deyilirdi. Şəxsən mən buna razılaşmırdım və bacardığım qədər bunu faktlarla da əsaslandırmağa çalışırdım. Amma mən builki suallarla tanış olmuşam və müqayisə aparmışam. Həqiqətən də, magistraturaya qəbulda birinci cəhdlə ikinci cəhd arasında müəyyən qədər fərqlər var idi. Hərçənd imtahanın mürəkkəbliyi ilə bağlı yanlış səsləndirmələr də var, ancaq haqqına səsləndirmələr də mövcuddur. 

Məntiq predmeti üzrə sualların informasiyası xeyli dəyişmişdi. Bilirik ki, məntiq predmetinə aid suallar üç qrupa bölünür: verbal, həndəsi və riyazi. Bunların hər birində zatən riyazi təfəkkür tələb edən cavablar var. Məntiq situasiyaya görə qərar qəbuletmənin yoxlanılması meyarıdır. Hansı qrupa bölünməsindən asılı olmayaraq, bu belədir. Burada riyazi təfəkkür əsas rol oynayır. İkinci cəhddə isə məntiq predmetinə elə suallar salınmışdı ki, onlar riyazi təfəkkür deyildi, birbaşa riyazi həll tələb edən suallara cavablar tələb edirdi. Bunlar fərqli anlayışlardır.

Elə suallar vardı ki, birmənalı şəkildə Riyaziyyat olimpiadasına salına bilərdi. Belə sualların sayı təxminən 5-6 idi. Məntiqi həll tələb edən sözlü suallarla bağlı bir narazılığım yoxdur. Həmişəki kimi, mətnin məntiqi təhlilinə aid olan suallar eyni qaydada müəyyən bir standart mexanizminə verilmişdi.  İkinci cəhdə ingilis dilində çətinliyin artırıldığını görmədim. İnformatikanın isə birinci cəhdi ikincidən daha çətin olmuşdu. Lakin məntiq predmetinin qəlizliyi çox şeylərə öz təsirini göstərmiş oldu".

Ekspertin sözlərinə görə, bu il magistraturaya müraciət edənlərin sayı ötən ilə nisbətən xeyli çox idi. Amma nəticədə bu il ixtisas seçiminə buraxılanların sayı ötən ilki saydan xeyli az oldu:

"Bu il müraciət edənlərdən yalnız 15 660 nəfəri ixtisas seçiminə qatıla bildi. Ötən il isə bu göstərici 17 359 idi. Halbuki bu il magistr səviyyəsinə maraq daha çox idi. Əvvəllər elə idi ki, ixtisas seçiminə çoxları düşə bilirdi, amma indi çox ələnmiş uşalıq seçiminə düşə bilir. Bu il ümumilikdə 15 796 plan yeri var,  ancaq 15 660 nəfər mübarizə aparır. Yəni plan yerlərinin sayı müraciətçilərin sayından çoxdur. Mən düşünürəm ki, onsuz da bizdə hər il demək olar ki, magistraturada plan yerlərində boşluq yaranır. Dövlət İmtahan Mərkəzinin bu istiqamətdə yanaşması belədir ki, ən keyfiyyətli uşaqlar daxil ola bilsinlər. Boş qalan plan yerlərinə yenə də müsabiqə elan edəcəklər. Açığı, bizdə magistraturaya qəbul məsələsi çox asanlaşdırılıb. iki mərhələdən ibarət idi, bir mərhələyə keçirilib".

Sevinc İbrahimzadə

Digər xəbərlər