Havaların isti keçməsinin yaratdığı ekoloji problemlərdən biri də meşə yanğınlarıdır.
Ekoloq Sevil Yüzbaşova “Operativ Media”ya bildirib ki, yayda havaların həddindən artıq isti və bəzi günlər küləkli keçməsi istirahət üçün meşələrə üz tutan insanlardan ekoloji mədəniyyət və şüur tələb edir ki, ehtiyatsızlıqdan yanğın halları baş verməsin:
“Meşə bizim dəyərli sərvətlərimizdən biridir və onun yox olma təhlükəsi içməli suyun, təmiz havanın yox olması deməkdir. Ona görə əgər yanğın baş verərsə, onu söndürərək daha böyük ərazilərə keçməsinin qarşısını almaq lazımdır”.
Ekoloq deyib ki, son zamanlar meşə ərazilərində təmizliyə, təhlükəsizliyə, yanğından mühafizəyə diqqət yetirilmir:
“Meşə ərazisinə ayaq basan kimi istirahətə gələn adamın başının üstünü kəsib pul tələb edirlər, amma qaydalara riayət edən yoxdur. Həmin ərazilərdə “Meşədə davranış qaydaları” barədə məlumat lövhələri olmalıdır. İnsanlarla maarifləndirmə və məlumatlandırma aparılmalıdır. Meşə insanlarındır, ora gələn hər kəsdən pul alınırsa, ilk növbədə, ərazinin təmiz saxlanılmasından, təhlükəsizliyindən həmin pul yığan kəs məsuliyyətlidir.
Meşə ərazisində yanğınların qarşısını almaq üçün ən birinci ocaq qalamaq qadağan olmalıdır, hətta siqaret kötüyü belə yerə atılmamalıdır. Quşların gözü yaxşı görür, onlar yerdə nə parıldayırsa onu yuvalarına aparırlar. Quş yuvaları quru çör-çöpdən qurulur və ağacların başında da hər zaman meh olur, bu isə siqaret kötüyünün alovlanmasına və tezliklə yayılmasına səbəb olur”.
S.Yüzbaşova həmçinin avtomobil sürücülərini də diqqətli olmağa çağırıb:
"Onlar çəkdikləri siqareti pəncərədən atarkən yol ətrafı ərazilərin əksəriyyətinin quru otlarla dolu olmasını nəzərə almalıdırlar. Onsuz da meşə ərazilərimiz azalıb və zədələnib, qiymətli ağac növləri biznes məqsədi ilə qırılaraq məhv edilir. Yerinə əkilən ağaclar isə tez böyüyən, adi-qarışıq meşələrdə bitən ağaclar olur. Ekoloji problemlər o zaman həll olar ki, bu işlə hər kəs hər gün məşğul olsun. Ekoloji tərbiyəsi olmayan, elokoji mədəniyyəti olmayan, əlbəttə ki, mədəni insan da ola bilməz”.
Sevinc İbrahimzadə






