"Halal otel" sertifikatı ölkəyə gələn turistlərin seçim imkanlarını genişləndirəcək - Ekspert

Nərmin Qocamanlı
"Halal otel" sertifikatı ölkəyə gələn turistlərin seçim imkanlarını genişləndirəcək - Ekspert

Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə "halal otel" sertifikatı veriləcək.

Bəs "halal otel" sertifikatının əhəmiyyəti nədir və Azərbaycana nə verəcək? 

Bu barədə turizm eksperti Ceyhun Aşurov "Operativ Media"ya açıqlamasında bildirib ki, Azərbaycanda hal-hazırda bu konseptdə işləyən bir neçə otellərimiz var:

COP29 Azərbaycan turizminə necə təsir edəcək? | Banco.az

"Hətta özlərini onlayn satış kanallarında da bu cür mövqeləndiriblər. Lakin hələ ki onlara hər hansı bir qurum tərəfindən standart sertifikat təqdim olunmayıb. Sadəcə sahibkarın öz təşəbbüsü ilə müəyyən kriteriyalara diqqət edilərək bu şəkildə fəaliyyət göstərirlər. Görünən odur ki, bu konseptin özünə müəyyən tələb var. Hərçənd elə də çox deyil, amma nəzərə alsaq ki, İslam ölkələrindən Azərbaycana gələnlərin sayı heç də az deyil və bu standartın olması artıq hotel haqqında da həmin ölkələrdən gələn turistlər üçün əlavə sualların yaranmasının qarşısını alacaq. Belə olduqda onlar daha rahat bir şəkildə həmin otellərə gələcəklər. Ümumiyyətlə, ölkəmizdə turizm məhsullarının çeşidlənməsi nə qədər çox olarsa, müştəri məmnuniyyəti nöqteyi-nəzərindən müsbət təsir göstərər. Bu, Azərbaycana gələn müəyyən seqment turistlər üçün də onların tələbatının ödənilməsinə görə yaxşı haldır".

Ekspert qeyd edib ki, sertifikatın əsas məqsədi halallıqla əlaqədar müəyyən kriteriyalara cavab verməkdir:

"Bunlara qidaların halal olması, orada şəraitin yaradılması, namaz qılmaq üçün yerin olması, spirtli içkilərin təqdim olunmaması və s. kimi məsələlər aiddir. Bu cür otellərə təkcə İslam ölkələrindən olan insanlar gəlmir, digər ölkələrdən olan turistlər də bu məsələləri diqqətdə saxlamağa çalışır. Ümumi götürsək, bu sertifikat ölkəyə gələn turistlərin seçim imkanlarının genişlənməsinə şərait yaradacaq, bazarın rəngarəngliyini artıracaq və gələn müştərilərin məmnunluğunun yüksəlməsinə xidmət edəcək".

Sevinc İbrahimzadə

Digər xəbərlər