Xocalının deputatı: "Biz ərazilərimizi məğlub kimi tərk etmişdik, qalib kimi qayıtdıq"

Fərrux Qocamanlı
Xocalının deputatı: "Biz ərazilərimizi məğlub kimi tərk etmişdik, qalib kimi qayıtdıq"
Elman Məmmədov: "Tarixin belə bir dövründə qalib kimi yaşamaq bizə qürur verir"

"Bu gün "Böyük Qayıdış" nəticəsində biz tarixi günlər yaşayırıq. Cənab Prezidentimizin, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, Azərbaycan ordusunun qəhrəmanlığı, Azərbaycan xalqının böyüklüyü, iradəsi və müdrikliyi nəticəsində biz buna nail olduq".

Operativ Media xəbər verir ki, bu sözləri Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib:

Millət vəkili - Elman Məmmədov

"Bəli 33 il bundan əvvəl erməni terrorçuları Xocalıda görülməmiş soyqırımı törətdilər. Bir neçə saat ərzində 600-dən çox dinc sakinimiz, günahsız insanlarımız şəhid oldu. Bunların xeyli hissəsi qadınlar, uşaqlar və yaşlılar idi. Bunlar günahsız, silahsız insanlar idi və ermənilər tərəfindən qəddarca qətlə yetirildilər.

Ancaq çox şükür ki, o günahsız insanların ahı yerdə qalmadı. Biz Azərbaycan xalqı adına döyüş meydanlarında qisasımızı aldıq. Biz düşməni diz çökdürdük, onlara ağ bayraq qaldırtdıq. Bu gün ərazilərimiz düşməndən təmizlənib, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə "Böyük Qayıdış" prosesi sürətlə davam edir. 44 günlük müharibə bitdiyi gündən etibarən bu proses başlayıb. Və bir il bundan əvvəlki antiterror əməliyyatından sonra bu proseslər davam edir. Mən də bir Xocalı sakiniyəm. 2024-cü ilin fevralının 26-da cənab prezidentimiz Xocalıya səfər edib. Həmin gün İlham Əliyev Xocalıda Soyqırımı Memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezidentimiz bu yaxın günlərdə də Xocalının Ballıca kəndində səfərdə olub. Orada vətəndaşlarla görüşüb. Artıq Ballıca kəndində 450 nəfərdən çox sakin qayıdıb və onlar öz doğma yurdlarında yaşayırlar. Biz yaxın vaxtlarda daha kütləvi qayıdışın şahidi olacağıq.

Bu gün bütün işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdış sürətlə davam edir. Bu qayıdışı təmin etmək üçün çox geniş miqyasda işlər görülür. Yollar çəkilir, enerji, rabitə, su, qaz təminatı həyata keçirilir. Məktəblər, bağçalar və xəstəxanalar tikilir. Yəni insanların yaşaması üçün lazım olan hər şey ən yüksək səviyyədə təmin olunur. Qayıdan insanlarımızın işlə təmin olunması məsələləri daim gündəmdədir və yüksək səviyyədə işlə təmin olunurlar.

Təbii ki, tarixin belə bir dövründə qalib kimi yaşamaq bizə qürur verir. Biz bu gün qürur hissi ilə deyirik ki, biz qalib Azərbaycan xalqıyıq. Biz ərazilərimizi məğlub kimi tərk etmişdik, amma qalib kimi qayıtdıq. Və bu qalibiyyəti əbədi qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik.

Digər xəbərlər