4 mart tarixində Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağının iclası keçirilib.
İclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla ümumilikdə 10 ölkədən nümayəndə heyəti iştirak edib.
Tədbirdə Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun regional nəqliyyat bağlantısının əsas arteriyalarından biri kimi yüksəlişdə olduğu qeyd edilib.
Bildirilib ki, TBNM BA-ya üzv dövlətlər arasında sıx əməkdaşlıq çərçivəsində yük əməliyyatlarının idarə olunması üçün kompleks tədbirlər, o cümlədən müasir analitik informasiya sistemlərinə inteqrasiya və yüklərin real vaxt rejimində izlənməsi xidmətlərinin yaradılması həyata keçirilib. Sinqapurun “Global DTC” şirkətinin TBNM üçün “Digital Trade Corridor” multimodal platforması və “Fast Customs” platformasını təqdim etməsi ilə əməliyyatların şəffaflığı artırılıb və nəzarət mexanizmləri gücləndirilib.
Bakı–Tbilisi–Qars dəmiryol xəttinin yük ötürmə gücünün illik 1 milyon tondan 5 milyon tona çatdırılması və bu xətt üzrə yük əməliyyatlarının bərpa edilməsi xüsusilə qeyd olunub.
Tədbir iştirakçıları bildirib ki, əsas məqsəd yüklərin təhlükəsizliyini təmin etməklə, vahid tarifləri razılaşdırmaqla və yük axınının sürətini artırmaqla daşıma sisteminin səmərəliliyini artırmaqdır ki, bu da bütün tərəfdaşların tələbatını qarşılayacaq. Bu yanaşma Orta Dəhliz ölkələrinə uzunmüddətli perspektivdə uğur qazanmağa imkan verəcək.
Müzakirələrdən sonra TBNM BA Hüquqi Şəxslər Birliyinin TBNM-in inkişafı üzrə İşçi qrupunun 2025-ci il üçün təsdiqlənmiş tarif dərəcələri barədə məlumatı dinlənilib.
Daha sonra Orta Dəhlizlə bu il yükdaşıma planı və onun icra planı təsdiqlənib, həmçinin TBNM BA Hüquqi Şəxslər Birliyinin Çinin Sian şəhərində nümayəndəliyinin açılması barədə qərar qəbul olunub.
Sonda iclasın protokolu, “Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili haqqında” və “Fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında” sazişlərin imzalanması mərasimi olub.
Tədbir öz işini “Xəzər dənizi vasitəsilə Orta Dəhliz” (“Middle Corridor via the Caspian Sea”) adlı forumla davam etdirib, dənizlə yükdaşımaların səmərəli təşkili, bu istiqamətdə görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb.
***
11:27
Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilir.
Operativ Media xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Çin, Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın əlaqədar qurumlarının nümayəndələri iştirak edirlər.
Ümumi yığıncaqda TBNM BA Hüquqi Şəxslər Birliyinin işçi qrupunun 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabat, ötən il üzrə ümumi yükdaşımalar, eyni zamanda cari il üçün yükdaşıma planı məsələləri müzakirə olunur. Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi, gömrük tarifləri və digər texniki məsələlər müzakirə edilir.
Yığıncağın sonunda müvafiq protokolun imzalanması da nəzərdə tutulub.
Qeyd edək ki, tədbir çərçivəsində “Middle Corridor via the Caspian Sea” (Xəzər dənizi vasitəsilə Orta Dəhlizə) mövzusunda forum təşkil olunacaq. Forumda Trans Milli Şirkətlərin təmsilçiləri, iş adamları, logistika, tranzit, nəqliyyat və daşımaçılıq sahələrində fəaliyyət göstərən qurumların rəhbərləri çıxış edəcək, perspektiv planları nəzərdən keçirəcəklər.
Forum çərçivəsində özəl şirkətlərin və dövlət qurumlarının ikitərəfli görüşləri də baş tutacaq.