"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda "Kəpəz"ə qarşı səfər oyununu şərh edib.
"Operativ Media" xəbər verir ki, o, 1:1 hesabı ilə başa çatan matçdan sonra "CBC Sport"a açıqlamasında bunları deyib:
"Gəncədə oynamaq heç də asan deyil. İstənilən vaxt burada problemlərlə üzləmişik. Günorta saat 2-də aktiv oyun göstərmək asan deyil. "Kəpəz" azı 1 xala layiq idi. Bizim də bir neçə qol epizodumuz oldu. Sanki rəqib qapıçıda maqnit var idi, topu özünə tərəf çəkirdi. Futbolçularıma iradım yoxdur. Onları anlayıram. Lakin istənilən rəqibə qarşı hazırlıqlı olmalıyıq. Hazırda komandanın idman formasını yaxşılaşdırmaq çətindir. Bu, sürətli oyunda daha tez həyata keçə bilər. Tovuzda süni örtükdə, saat 2-də oynamışdıq, "Şamaxı"ya qarşı saat 4-də, bu dəfə də 2-də meydana çıxdıq. İki oyun arasında vaxt da az idi. Uyğun olmayan proqramla başladıq. "Gent"lə oyuna qədər "Sabah"la matçımız var. O görüşə qədər komandanı daha yaxşı səviyyəyə gətirmək istəyirik. Asan olmasa da, başqa variantımız yoxdur. Oyunçuların performansını yaxşılaşdırmağa çalışacağıq".