DTX: "TikTok"da Azərbaycan Ordusuna aid videomateriallar yayan şəxs istintaqa cəlb edilib

admin
DTX: "TikTok"da Azərbaycan Ordusuna aid videomateriallar yayan şəxs istintaqa cəlb edilib
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb ediib.

17 mart 2025-ci ildə sosial şəbəkələrin xarici seqmentində Azərbaycan Respublikasının dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb.

Bu barədə Operativ Media-ya Dövlət Təhlükəsizlik Xidməti məlumat verib.

Faktla əlaqədar, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılmış, aparılmış ilkin araşdırmalar nəticəsində yayımlanmış videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib.

Müəyyənləşdirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparmış və qanunla yayılması qadağan olunan bu videomaterialı 15 mart 2025-ci ildə özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Bundan sonra, həmin videogörüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə, həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunub.

Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunmuş, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb.

Bildirilib ki, Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulub hüquqi tədbirlərin görülməsi təmin ediləcəkdir.

Digər xəbərlər