Menyu

Milli-mənəvi dəyərlər təhsildə necə təbliğ olunur?

Milli-mənəvi dəyərlər təhsildə necə təbliğ olunur?

Hər bir xalqın varlığını qoruyub saxlaya bilməsi, onun milli-mənəvi dəyərlərə sadiqliyindən, bu dəyərləri gələcək nəsillərə ötürmək bacarığından asılıdır. Milli-mənəvi dəyərlər, xalqın tarixi, dili, dini, adət-ənənələri, musiqisi, ədəbiyyatı və ümumilikdə onun mənəvi irsidir. 

Bu səbəbdən də təhsil sistemində milli-mənəvi dəyərlərin təbliği son dərəcə vacib və əhəmiyyətlidir.

Təhsildə milli-mənəvi dəyərlər şagirdlərə necə təbliğ olunur və son illərdə bu sahədə hansı müsbət dəyişikliklər var?

Bu barədə təhsil eksperti Kamran Əsədov Operativ Media-ya açıqlama verib.

"Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində təhsilin əsas prinsiplərindən biri kimi milli-mənəvi dəyərlərə sadiqlik, milli kimliyin qorunması və milli-mədəni irsin yaşadılması qeyd olunur. Hazırkı dərsliklər üzərində aparılan müşahidələr göstərir ki, əsasən humanitar fənlərdə milli dəyərlərə yer verilir. Məsələn, Azərbaycan ədəbiyyatında klassik irsimiz, Nizami, Nəsimi, Füzuli və digər dühaların təhlili əzbərlənəcək faktlar kimi verilir. Halbuki onların əsərlərindəki milli ruh, ictimai ədalət, ilahi eşq və azadlıq kimi dəyərlər pedaqoji metodlarla müasir şagirdin dünyagörüşünə uyğun şəkildə təqdim olunsa, bu, daha təsirli nəticə verə bilər.

Tarix dərsliklərində də oxşar yanaşma müşahidə olunur. Azərbaycanın istiqlal və müstəqillik uğrunda mübarizəsi, milli qəhrəmanlarımızın fəaliyyəti faktoloji səviyyədə qalır, şagirdin onların şəxsiyyətinə və ideyalarına inteqrasiya olunması təmin edilmir. Məsələn, Məhəmməd Əmin Rəsulzadə, Hacı Zeynalabdin Tağıyev və ya Cavad xan kimi tarixi fiqurlar haqqında məlumatlar verilsə də, onların müasir mənəvi identiklikdə rolu dərindən işlənmir. Bu isə milli-mənəvi dəyərlərin şagird şüurunda sadəcə “imtahan mövzusu” səviyyəsində qalmasına səbəb olur.

Həyat bilgisi, musiqi, təsviri incəsənət və hətta ibtidai sinif dərsliklərində xalq mədəniyyəti, folklor, adət-ənənələrə yanaşma ya çox ümumiləşdirilib, ya da yalnız formal şüarlar səviyyəsində verilir. Bu isə şagirdin milli kimliklə emosional bağlılığını formalaşdırmaq əvəzinə, onu quru terminoloji biliklərlə məhdudlaşdırır. Halbuki müasir pedaqogika göstərir ki, milli dəyərlərin öyrədilməsi təkcə məzmunla deyil, onların öyrənilmə metodikası ilə də sıx bağlıdır.

Beynəlxalq təcrübədə, xüsusilə Türkiyədə, Qazaxıstanda və Finlandiyada milli dəyərlərin təhsilə inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirilir. Türkiyədə hər bir fənn üzrə kurikulumda “milli və mənəvi dəyərlərin aşılanması” ayrıca məqsəd olaraq qeyd olunur və dərsliklərin hazırlanmasında bu prinsip ciddi şəkildə izlənilir. Qazaxıstanda “Ruhani yenilənmə” konsepsiyası əsasında tədris materiallarında milli kimlik, xalq yaddaşı və dövlətçilik ənənələri ön plandadır. Finlandiyada isə milli identiklik fərdi vətəndaş məsuliyyəti kontekstində öyrədilir, bu modeldə şagird həm öz mədəniyyətini tanıyır, həm də onun daşıyıcısı kimi özünəməxsus rolunu dərk edir.

Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılıb. “Zəfər Tarixi” adlı pilot fənnin bəzi məktəblərdə tətbiqi, bayraq, himn, şəhidlik anlayışlarının şagirdlərə aşılanması, milli qəhrəmanların tanıdılması müsbət cəhətlərdir. Eyni zamanda ədəbiyyat dərsliklərində Cümhuriyyət dövrü yazarlarına nisbətən daha çox yer ayrılması da son illərin müsbət dəyişikliklərindəndir".

Teqlər:

"Milli-m\u0259n\u0259vi d\u0259y\u0259rl\u0259r t\u0259hsild\u0259 nec\u0259 t\u0259bli\u011f olunur?"

Əlaqəli Xəbərlər