İxtisar olunan işçisinin hüquqlərı nələrdir? - Vəkil danışır
İxtisar (ştatın azaldılması) ilə işdən çıxarılan işçilərin hüquqları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə qorunur. İşəgötürən içsini ən azı 2 ay əvvəl yazılı şəkildə xəbərdar etməlidir.
Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Əlövsət Allahverdiyev deyib.
Onun sözlərinə görə, əgər bu müddət verilmirsə, həmin 2 ayın maaşı kompensasiya kimi ödənilməlidir:
"Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə görə İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
- bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
- bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
- beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
- on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
Həmin maddənin 3-cü bəndinə görə Əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
- bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
- beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
- on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında”.