Wi-Fi modemin harada yerləşdirilməsi daha məqsədəuyğundur?
Wi-Fi modemin harada yerləşdirilməsi onun təhlükəsizliyinə təsir göstərmir. Çünki şəbəkənin təhlükəsizliyi fiziki yerləşmə ilə deyil, sistem administratorları və ya şəbəkə inzibatçıları tərəfindən tətbiq olunan təhlükəsizlik tədbirləri ilə təmin edilir.
Bu sözləri Operativ Media-ya İnformasiya Texnologiyaları sahəsi üzrə ekspert Fərrux Rəcəbli deyib.
Mütəxəssis bildirib ki, peşəkar layihələrdə Wi-Fi avadanlıqları xüsusi proqram təminatları vasitəsilə quraşdırılır. Bunun üçün mənzilin, ofisin və ya obyektin planı proqram sisteminə daxil edilir, istifadə olunacaq Wi-Fi qurğusunun modeli seçilir və proqram siqnalın bütün əraziyə bərabər paylanması üçün ən uyğun nöqtələri müəyyən edir:
“Ev və kiçik ofislərdə isə modemin məkanın mümkün qədər mərkəzi hissəsində yerləşdirilməsi tövsiyə olunur. Lakin təkcə mərkəzdə quraşdırmaq kifayət etmir. Modemin ətrafında metal və alüminium əşyaların, radio siqnalları yayan digər qurğuların olmaması, həmçinin qalın beton divarlar, metal qapılar və digər maneələrin minimum səviyyədə olması vacibdir. Bu amillər Wi-Fi siqnalının zəifləməsinə səbəb ola bilər.
İstifadəçilər tez-tez modemi evin mərkəzində yerləşdirmələrinə baxmayaraq bəzi otaqlarda siqnalın zəif olmasından şikayət edirlər. Bunun əsas səbəbi modemin yerləşdiyi nöqtə deyil, siqnalın qarşısını alan fiziki maneələr və ətraf mühit amilləridir”.
Onun sözlərinə görə, əgər bir neçə Wi-Fi qurğusundan istifadə olunursa, onlar elə nöqtələrdə yerləşdirilməlidir ki, siqnal bütün otaqlara rahat çatsın. Böyük ofislərdə, çoxmərtəbəli binalarda və sənaye müəssisələrində isə quraşdırma mütləq xüsusi layihələndirmə proqramları əsasında aparılmalıdır. Əks halda, Wi-Fi qurğularının sayı çox olsa belə, bəzi ərazilərdə siqnal zəif, internet sürəti isə aşağı ola bilər.
Mütəxəssis sonda bir daha vurğulayıb ki, Wi-Fi modemin fiziki olaraq harada yerləşdirilməsi onun təhlükəsizliyinə təsir etmir. Modemin yeri internetin əhatə dairəsi və siqnal keyfiyyəti baxımından əhəmiyyət daşısa da, şəbəkənin təhlükəsizliyi güclü şifrə, düzgün sazlamalar və peşəkar idarəetmə ilə təmin olunur.
