Menyu

Ənənəvi oyunlar telefon oyunları ilə əvəzləndi: Uşaqların inkişafına təsiri necədir? - TƏHLİL

Ayşən Sadıxzadə
Ənənəvi oyunlar telefon oyunları ilə əvəzləndi: Uşaqların inkişafına təsiri necədir? - TƏHLİL

Rəqəmsal texnologiyaların sürətli inkişafı gündəlik həyatın bütün sahələri kimi, uşaqların oyun vərdişlərini də əhəmiyyətli dərəcədə dəyişib. Bir vaxtlar həyətlərdə, parklarda və məktəb meydançalarında oynanılan gizlənpaç, yeddi daş, ip atlama, futbol və digər ənənəvi oyunlar getdikcə telefon, planşet və kompüterlərdə oynanılan rəqəmsal oyunlarla əvəz olunur. Bu dəyişiklik uşaqların asudə vaxt keçirmə tərzinə təsir etməklə yanaşı, onların fiziki aktivliyi, psixoloji sağlamlığı, sosial bacarıqları və ümumi inkişafı ilə bağlı yeni müzakirələr də gündəmə gətirib.

Rəqəmsal oyunlar düzgün seçildikdə məntiqi düşüncə, diqqət və bəzi koqnitiv bacarıqların inkişafına müsbət təsir göstərə bilər. Lakin ekran qarşısında həddindən artıq vaxt keçirmək, xüsusilə zorakılıq və aqressiya elementləri daşıyan oyunlardan istifadə etmək uşaqlarda ünsiyyət bacarıqlarının zəifləməsi, fiziki hərəkətliliyin azalması, emosional gərginlik, diqqət pozğunluğu və asılılıq riskini artırır. Digər tərəfdən, ənənəvi oyunlar uşaqların həm fiziki inkişafını dəstəkləyir, həm də komanda işi, əməkdaşlıq, empatiya və problem həll etmə kimi sosial bacarıqların formalaşmasına mühüm töhfə verir.

Bəs rəqəmsal oyunlar ənənəvi oyunları tam əvəz edə bilərmi? Valideynlər bu dəyişən reallıqda nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Operativ Media-ya danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Könül Nurullayeva bildirib ki, son illərdə informasiya texnologiyalarının sürətli inkişafı uşaqların gündəlik həyat tərzini əhəmiyyətli dərəcədə dəyişib:

“Bu gün vaxtın böyük hissəsi mobil telefonlar, planşetlər, kompüter oyunları və sosial şəbəkələr qarşısında keçirilir. Əslində rəqəmsal texnologiyaların təhsil və informasiya əldə etmək baxımından mühüm üstünlükləri danılmazdır. Lakin onların nəzarətsiz və həddindən artıq istifadəsi uşaqların fiziki, psixoloji və sosial inkişafı üçün ciddi risklər yaradır. Uzun müddət ekran qarşısında qalmaq uşaqlarda fiziki hərəkətsizliyi artırır, artıq çəki, onurğa və görmə problemləri, yuxu pozuntuları kimi sağlamlıq risklərini yüksəldir. Bununla yanaşı, sosial şəbəkələrdə həddindən artıq vaxt keçirmək diqqət dağınıqlığı, aqressiv davranış, asılılıq meyilləri, özünəinamın azalması və emosional gərginlik kimi psixoloji problemlərin yaranmasına səbəb ola bilər. Həyətyanı oyunlar uşaqlara əməkdaşlıq, paylaşmaq, münaqişələri həll etmək və ünsiyyət bacarıqları qazandırdığı halda, virtual mühit bu bacarıqları tam şəkildə əvəz edə bilmir.

Burada ailələrin, dövlətin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin birgə məsuliyyətindən söhbət gedir. Uşaqlar üçün təhlükəsiz və müasir idman meydançaları, parklar, açıq hava oyun zonaları və asudə vaxt mərkəzləri mövcuddur. Məktəbdənkənar idman və yaradıcılıq dərnəklərinin əlçatanlığı da genişləndirilib, uşaqların fiziki aktivliyini təşviq edən layihələr reallaşmaqdadır.

Bununla yanaşı, rəqəmsal savadlılıq və təhlükəsiz internet istifadəsi ilə maarrifləndirmə vacibdir. Uşaqlar internetdən tamamilə uzaqlaşdırılmamalı, əksinə, rəqəmsal imkanlardan düzgün, təhlükəsiz və məsuliyyətli istifadə etməyi öyrənməlidirlər.

Qanunvericilik müstəvisində təkmilləşdirmələr mütəmadi olaraq həyata keçirilir. Hazırda uşaqların hüquqlarının qorunması, şəxsi məlumatların təhlükəsizliyi və zərərli informasiyadan müdafiəsi ilə bağlı müxtəlif hüquqi mexanizmlər mövcuddur.

Valideyn nəzarəti isə bu prosesdə həlledici rol oynayır. Hüquqi mexanizmlər nə qədər təkmil olsa da, valideynin gündəlik diqqətini əvəz edə bilməz. Valideynlər övladlarının internetdə hansı məzmuna baxdığını, kimlərlə ünsiyyət qurduğunu bilməli, ekran vaxtına yaşa uyğun məhdudiyyətlər tətbiq etməli və rəqəmsal təhlükələr barədə uşaqlarla açıq söhbətlər aparmalıdırlar. Bunun üçün valideynlərin özlərinin də rəqəmsal savadlılığının artırılması vacibdir.

Həmçinin məktəb, ailə və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, psixoloqların, müəllimlərin və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin iştirakı ilə maarifləndirmə kampaniyalarının keçirilməsi mühüm nəticələr verə bilər. Uşaqların asudə vaxtını səmərəli təşkil edən sosial layihələr və ictimai təşəbbüslər də rəqəmsal asılılığın qarşısının alınmasına xidmət edir.

Yəni, rəqəmsal texnologiyalar müasir həyatın ayrılmaz hissəsidir və onların inkişafını məhdudlaşdırmaq mümkün deyil. Əsas məqsəd uşaqlara təhlükəsiz və faydalı şəkildə istifadə etməyi öyrətməkdir. Burada cəmiyyətin bütün institutlarının birgə fəaliyyəti vacib şərtlərdən biridir”.

Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, hazırda rəqəmsal və sosial media reallığında yaşayırıq. İnternetin cəmiyyətə və insanların gündəlik həyatına verdiyi töhfələr danılmazdır. Lakin texnologiyanın sürətli inkişafı ilə yanaşı, uşaq və yeniyetmələrin həyatında real oyunları getdikcə virtual oyunlar əvəz edir. Bu prosesin müəyyən üstünlükləri olsa da, ciddi riskləri də mövcuddur:

“İnternet üzərindən təqdim olunan bir çox oyunda aqressiya, zorakılıq, qeyri-etik davranışlar və mənfi məzmun yer alır. Bu isə uşaq və yeniyetmələrin psixologiyasına, davranışına və sosial inkişafına destruktiv təsir göstərə bilər.

Məhz bu səbəbdən Prezident İlham Əliyev 27 fevral 2026-cı il tarixində uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə zərərli informasiya məzmunundan qorunmasına dair Sərəncam imzalayıb. Bununla yanaşı, kibertəhlükəsizlik və kibercinayətkarlıqla mübarizənin gücləndirilməsi məqsədilə Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində də müvafiq dəyişikliklər edilib.

Bu gün uşaqlar arasında geniş yayılan bəzi oyunlar, o cümlədən Roblox, “Mavi balina” və oxşar platformalar onların sosiallaşmasına mənfi təsir göstərə bilir. Belə oyunlar uşaqları real həyatdan uzaqlaşdırır, onları virtual aləmə bağlayır, canlı ünsiyyət bacarıqlarını zəiflədir və cəmiyyətə inteqrasiyasını çətinləşdirir.

Halbuki ənənəvi həyət və komanda oyunları uşaqların həm fiziki inkişafına, həm də sosial bacarıqlarının formalaşmasına mühüm töhfə verirdi. Virtual oyunlarda isə bu imkanlar məhduddur və bəzi hallarda aqressiv davranışların formalaşmasına zəmin yarada bilir.

Buna görə də uşaqların istifadə etdiyi oyunlara ciddi nəzarət mexanizmləri tətbiq edilməli, yaş məhdudiyyəti və məzmun filtrləri gücləndirilməlidir. Aqressiya, zorakılıq və ya gizli mənfi mesajlar ehtiva edən oyunların yayılmasının qarşısının alınması üçün tənzimləmə mexanizmlərinin daha da təkmilləşdirilməsi zəruridir”.

Psixoloq Leyla Əli bildirib ki, son illərdə valideynlərdən ən çox eşitdiyimiz cümlələrdən biri belədir: “Uşağım küçəyə çıxmaq istəmir, bütün günü telefon istəyir.” Bu vəziyyət çox vaxt texnologiyanın günahı kimi təqdim edilir. Halbuki psixoloji baxımdan məsələ daha mürəkkəbdir. Uşaqlar küçə oyunlarını sadəcə telefonlara dəyişməyiblər; onların oyun mühiti, sosial münasibətləri və inkişaf konteksti dəyişib:

“İnkişaf psixologiyasında oyun uşağın əsas inkişaf vasitələrindən biri hesab olunur. Lev Vıqotski və Jean Piaget oyunun uşağın düşünmə, sosiallaşma və problem həll etmə bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayırdılar. Yəni oyun sadəcə əyləncə deyil, uşağın dünyanı öyrənmə yoludur.

Küçə oyunlarının ən böyük üstünlüyü uşağın sərbəst şəkildə qaydalar yaratması, yaşıdları ilə ünsiyyət qurması, mübahisələri həll etməsi və kompromisə gəlməyi öyrənməsi idi. Bu proses uşağın diqqət, emosiyaları idarə etmə və sosial bacarıqlarını inkişaf etdirirdi.

Telefon oyunları isə uşağa hazır qaydalar və sürətli mükafatlar təqdim edir. Buna görə ekran daha cəlbedici görünə bilər. Rəqəmsal oyunlar bəzi bacarıqları inkişaf etdirsə də, canlı ünsiyyət, empatiya, əməkdaşlıq və real həyat təcrübələrini tam əvəz etmir.

Məsələ yalnız telefon deyil. Şəhərləşmə, təhlükəsizlik narahatlıqları, valideynlərin zaman məhdudiyyəti və uşaqların sərbəst oyun imkanlarının azalması da bu dəyişiklikdə rol oynayır.

Valideynlərin əsas sualı “Telefonu necə əlindən alım?” deyil, “Telefonun yerini hansı faydalı fəaliyyətlə doldurum?” olmalıdır. Çünki uşağın sağlam inkişafı üçün ekranla yanaşı, oyun, hərəkət, ailə ünsiyyəti və yaşıdlarla real münasibətlər də vacibdir.

Uşaqlar küçə oyunlarını sadəcə tərk etməyiblər, onlar dəyişən dünyaya uyğunlaşıblar. Əsas məqsəd texnologiyanı qadağan etmək deyil, rəqəmsal dünya ilə real həyat arasında balans yaratmaqdır”.

Pediatr Səbinə Məmmədova isə qeyd edib ki, son illərdə texnologiyanın sürətli inkişafı uşaqların gündəlik həyatını kökündən dəyişdirib:

"Bir zamanlar həyətdə qaçan, gizlənpaç oynayan, ip atlayan, top qovan uşaqların yerini indi saatlarla telefon və planşet qarşısında vaxt keçirən uşaqlar tutur. Rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, onların həddindən artıq istifadəsi uşaqların fiziki, psixoloji, sosial və intellektual inkişafına ciddi təsir göstərə bilər.

Ənənəvi oyunlar uşağın sağlam böyüməsinin təbii bir hissəsidir. Qaçmaq, tullanmaq, tarazlığı qorumaq, top atmaq və tutmaq kimi hərəkətlər iri və incə motor bacarıqlarını inkişaf etdirir. Açıq havada oynamaq sümük və əzələlərin möhkəmlənməsinə, ürək-damar sisteminin sağlam işləməsinə, koordinasiya və çevikliyin artmasına kömək edir. Telefon oyunlarında isə uşaq əsasən hərəkətsiz vəziyyətdə qalır ki, bu da artıq çəki, duruş pozğunluğu, bel və boyun ağrıları, fiziki hazırlığın zəifləməsi kimi problemlərin yaranma riskini artırır.

Ənənəvi oyunların digər mühüm üstünlüyü sosial bacarıqların formalaşmasıdır. Uşaqlar birlikdə oynayarkən paylaşmağı, növbə gözləməyi, komanda ilə işləməyi, qaydalara əməl etməyi və münaqişələri sülh yolu ilə həll etməyi öyrənirlər. Telefon oyunlarında isə ünsiyyət daha məhdud olur və real emosional əlaqələrin yerini virtual münasibətlər tutur. Bu vəziyyət bəzi uşaqlarda ünsiyyət çətinliyi, tənhalıq hissi və sosial bacarıqların zəifləməsinə səbəb ola bilər.

Telefon oyunları sürətli görüntülər və ani mükafat sistemi ilə işlədiyi üçün beynin mükafat mexanizmini daim stimullaşdırır. Nəticədə bəzi uşaqlarda diqqət müddətinin qısalması, səbirsizlik, emosional gərginlik və telefon asılılığına meyillilik müşahidə oluna bilər. Xüsusilə kiçik yaşlı uşaqlarda ekran vaxtının normadan artıq olması nitq inkişafının ləngiməsi, təxəyyülün zəifləməsi və öyrənmə prosesində çətinliklərlə əlaqələndirilir.

Ənənəvi oyunlar isə uşağın yaradıcılığını inkişaf etdirir. Sadə əşyaları müxtəlif məqsədlərlə istifadə etmək, rollu oyunlar qurmaq, dostları ilə yeni qaydalar yaratmaq uşağın təxəyyülünü, problem həll etmə bacarığını və müstəqil düşünmə qabiliyyətini gücləndirir. Telefon oyunlarında isə hazır ssenarilər və məhdud seçimlər uşağın yaradıcı fəaliyyətini müəyyən qədər məhdudlaşdıra bilər.

Yuxu sağlamlığı da mühüm məsələdir. Axşam saatlarında telefon və planşetdən istifadə zamanı ekranlardan yayılan mavi işıq melatonin hormonunun ifrazını azaldır. Bu isə uşağın yuxuya getməsini çətinləşdirir, yuxu keyfiyyətini aşağı salır və ertəsi gün yorğunluq, diqqətsizlik və əsəbilik yarada bilər.

Bununla yanaşı, bütün rəqəmsal oyunları zərərli hesab etmək düzgün olmaz. Yaşa uyğun seçilmiş, məhdud müddətdə istifadə olunan maarifləndirici və inkişafetdirici oyunlar məntiqi düşüncə, yaddaş, problem həll etmə və bəzi koqnitiv bacarıqların inkişafına müsbət təsir göstərə bilər. Əsas məsələ ekran vaxtının yaşa uyğun tənzimlənməsi və valideyn nəzarətinin təmin edilməsidir.

Valideynlər uşaqlara qadağa qoymaqdan daha çox alternativ fəaliyyətlər təqdim etməlidirlər. Ailəvi stolüstü oyunlar, kitab oxuma, rəsm çəkmə, idman, velosiped sürmə, park gəzintiləri və açıq havada dostlarla oyun uşaqların həm fiziki, həm də emosional inkişafına müsbət təsir göstərir. Valideynlərin özlərinin də telefon istifadəsində nümunə olması uşaqlarda sağlam rəqəmsal vərdişlərin formalaşmasına kömək edir.

Pediatrların tövsiyəsinə əsasən, məktəbəqədər yaşlı uşaqlarda ekran vaxtı minimum səviyyədə saxlanmalı, məktəb yaşlı uşaqlarda isə gündəlik istifadə balanslı şəkildə planlaşdırılmalı, fiziki aktivlik, yuxu və ailə ünsiyyəti heç vaxt ekran qarşısında keçirdikləri vaxtın qurbanına çevrilməməlidir.

Nəticə etibarilə, uşaqlıq dövrünün ən qiymətli sərvəti hərəkət, ünsiyyət və canlı oyunlardır. Texnologiya həyatımızın bir hissəsi olsa da, o, uşağın uşaqlığını əvəz etməməlidir. Ənənəvi oyunların qorunması sağlam, sosial cəhətdən aktiv, yaradıcı və emosional cəhətdən güclü bir nəslin yetişməsi üçün mühüm əhəmiyyət daşıyır”.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə hazırlanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər