Avqust ayında istirahət üçün ən sərfəli istiqamətlər hansılardır?
Yay mövsümünün son ayı olan avqustda istirahətə yollanmağı planlaşdıranların sayı artır. Bu dövrdə həm xarici, həm də yerli turizm istiqamətlərinə maraq yüksək olsa da, düzgün seçim etmək üçün qiymət, xidmət keyfiyyəti, təhlükəsizlik və nəqliyyat imkanları kimi amilləri nəzərə almaq vacibdir. Əvvəlcədən planlaşdırılan səyahət isə həm daha rahat, həm də daha sərfəli başa gəlir.
Bu barədə Operativ Media-ya turizm eksperti Rəhman Quliyev danışıb.
O bildirib ki, Avqust ayında istirahət planlaşdıran turistlər üçün bir sıra sərfəli istiqamətlər mövcuddur. Ən çox üstünlük verilən ölkələr sırasında Türkiyə, Gürcüstan və Albaniya yer alır. Bu ölkələr münasib qiymətə həm dəniz, həm də şəhər turizmi imkanları təqdim edir:
“Erkən rezervasiya edən turistlər daha əlverişli qiymətlərdən yararlana bilirlər. Xüsusilə büdcəsi məhdud olan ailələr üçün paket turlar fərdi səyahətlə müqayisədə daha sərfəli hesab olunur.
Son illər yerli turizmə maraq da nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycanın dağlıq və dənizkənarı bölgələri həm istirahət, həm də qısamüddətli səyahət üçün turistlərin ən çox üz tutduğu məkanlar sırasındadır.
Səyahətə çıxmazdan əvvəl otel və nəqliyyat xərclərinin planlaşdırılması, həmçinin səyahət sığortasından istifadə edilməsi tövsiyə olunur. Vizasız ölkələrə səyahət isə həm vaxt, həm də əlavə xərclərə qənaət etməyə imkan yaradır.
Qiymətlər seçilən istiqamətə, mövsümə və xidmət səviyyəsinə görə dəyişə bildiyindən, turistlərə müxtəlif turizm şirkətlərinin təkliflərini müqayisə etmələri məsləhət görülür. Eyni zamanda istirahət məkanı seçilərkən təhlükəsizlik, infrastruktur və xidmət keyfiyyəti də diqqətdə saxlanılmalıdır.
Düzgün planlaşdırılmış səyahət həm rahat, həm də qənaətli istirahət imkanı yaradır”.
