SOCAR rəsmisi: Azərbaycan boru kəmərləri Xəzər qazını Avropa ilə birləşdirən mühüm "arteriyalar" rolunu oynayır
SOCAR rəsmiləri Azərbaycanın Avropaya təbii qaz ixracının artması fonunda ölkənin enerji təhlükəsizliyində oynadığı strateji rolu və Cənub Qaz Dəhlizinin əhəmiyyətini qiymətləndiriblər.
Operativ Media xəbər verir ki, SOCAR-ın rəhbər şəxsləri "Euronews" telekanalının Business Horizons proqramına müsahibələrində bildiriblər ki, 2021-ci ildən etibarən Avropa İttifaqına təbii qaz ixracı 56 faiz artıb.
SOCAR vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ölkənin əsas enerji marşrutları olan Bakı–Tbilisi–Ceyhan və Cənubi Qafqaz boru kəmərlərini Azərbaycanın dünyaya çıxışını təmin edən mühüm "arteriyalar" kimi xarakterizə edib. Onun sözlərinə görə, bu kəmərlər Xəzər qazının Avropa bazarlarına çatdırılmasında strateji rol oynayır.
Bildirilib ki, qaz tədarükü SOCAR-ın idarə etdiyi 3 500 kilometrlik Cənub Qaz Dəhlizi şəbəkəsi vasitəsilə həyata keçirilir. Məlumata əsasən, 2025-ci ildə İtaliya Azərbaycandan 9,5 milyard kubmetr qaz idxal etməklə Avropada ən böyük alıcı olaraq qalıb. Bu həcm ölkənin ümumi qaz idxalının 16 faizini təşkil edib.
SOCAR-ın əməliyyatlar üzrə direktoru Elxan Sultanov isə qeyd edib ki, enerji sektorunda dəqiqlik həlledici əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Avropa ölkələrinə təhlükəsiz və fasiləsiz qaz tədarükünü təmin etmək üçün 3 500 kilometrlik Cənub Qaz Dəhlizi boyunca daimi monitorinq həyata keçirilir.