Yarımfabrikatların tez-tez istehlakı hansı risklər yaradır?
Yarımfabrikat məhsullar gündəlik həyatda vaxta qənaət etsə də, onların tez-tez və nəzarətsiz şəkildə istehlakı sağlamlıq üçün müəyyən risklər yarada bilər. Bu məhsulların bir qismi yüksək miqdarda duz, doymuş yağ, şəkər və müxtəlif qida əlavələri ehtiva edir. Onların müntəzəm istifadəsi yüksək qan təzyiqi, artıq çəki, piylənmə, ürək-damar xəstəlikləri və 2-ci tip şəkərli diabet riskinin artmasına səbəb ola bilər.
Bu sözləri Operativ Media-ya açıqlamasında qida eksperti Fərid Səfərov deyib.
O bildirib ki, bununla yanaşı, bəzi yarımfabrikat məhsullar lif, vitamin və mineral baxımından kasıb olur. Əgər qidalanmanın əsas hissəsini bu cür məhsullar təşkil edərsə, orqanizmdə vacib qida maddələrinin çatışmazlığı yarana bilər. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün bu daha böyük əhəmiyyət daşıyır:
“Digər vacib məqam isə qida təhlükəsizliyidir. Dondurulmuş və ya soyudulmuş yarımfabrikatlar düzgün temperaturda saxlanılmadıqda və ya kifayət qədər bişirilmədikdə qida zəhərlənməsi riski arta bilər. Buna görə məhsulun saxlanma şəraitinə, son istifadə tarixinə və hazırlanma qaydalarına mütləq əməl olunmalıdır.
Bütün yarımfabrikatlar zərərli deyil. Tərkibi sadə və təbii olan, duz və yağ miqdarı aşağı olan keyfiyyətli məhsullar düzgün seçildikdə balanslı qidalanmanın bir hissəsi ola bilər. Əsas məsələ onların gündəlik qidalanmanın əsasını təşkil etməməsi, təzə hazırlanmış yeməklər, tərəvəz, meyvə və tam taxıl məhsulları ilə balansın qorunmasıdır”.
