Sosial şəbəkələrdə AEM-in adından saxta elanlar yayılıb
Sosial şəbəkələrdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Operativ Media-ya verilən məlumata görə, həmin məlumatlarda guya AEM-in hansısa "Sandoz Pharma Departamenti" ilə birgə fəaliyyət göstərdiyi, "barkodçu" vəzifəsinə işçi qəbulu apardığı və namizədlərin məlumatlarının AEM-in daxili reyestrində qeydiyyata alındığı iddia olunur.
Tam məsuliyyətlə bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və saxtadır.
Yayılan saxta sənədin sonunda guya "Analitik Ekspertiza Mərkəzi Sandoz Pharma Departamentinin İnsan Resursları Departamentinin Etibar Abdalov" adlı şəxsin imzası göstərilib. Bildiririk ki, AEM-də Etibar Abdalov adlı şəxs çalışmır. Bundan əlavə, sənəd avqustun 2-də yayılsa da, onun üzərində "03.08.2026" tarixi qeyd olunub. Bu ziddiyyət sənədin saxta olduğunu açıq şəkildə göstərir.