Boyun yırtığı niyə əllərdə keyimə yaradır? - Fizioterapevt açıqlayır

"Boyun fəqərələri insan bədənində həm hərəkət funksiyasını, həm də həyati əhəmiyyət daşıyan sinir yollarını qoruyan ən həssas nahiyələrdən biridir. Bu bölgədə baş verən hər hansı struktur pozuntusu, xüsusilə də disk yırtığı, təkcə lokal ağrı ilə kifayətlənmir, eyni zamanda qollara və barmaqlara qədər yayılan müxtəlif nevroloji şikayətlər yarada bilir".
Bu sözləri Operativ Media-ya fizioterapevt Əziz Dəvrişov deyib.
Onun sözlərinə görə, əllərdəki ağrı, keyimə və güc azalmasının əsas səbəbi boyundan çıxan sinirlərin sıxılması ilə bağlıdır:
"Buna görə də boyun disk yırtığının mexanizmini anlamaq, simptomların yaranma səbəbini düzgün izah etmək üçün xüsusi əhəmiyyət daşıyır".
O bildirib ki, boyun fəqərələri arasında yerləşən disklər yırtıldıqda, həmin nahiyədən keçən və beyindən çıxaraq barmaqlara qədər uzanan sinirlərə təzyiq göstərir:
“Bu sinirlər əllərin və qolların əzələlərinə siqnal ötürür və onların hərəkətini, hissiyatını təmin edir.
Disk yırtığı sinirin çıxış nöqtəsində sıxılma yaratdığı üçün:
- həmin sinirin enervasiya etdiyi (yəni idarə etdiyi) əzələlərdə ağrı,
- güc zəifliyi,
- keyimə və uyuşma meydana gəlir.
Səbəb odur ki, sinir boyundan çıxan hissəsində zədələnir və o sinir hara qədər uzanırsa, həmin istiqamətdə funksional pozuntu yaradır”.