Menyu

Hərbi xidmətə çağırılan işçiyə nə qədər müavinət ödənilir?

Ayşən Sadıxzadə
Hərbi xidmətə çağırılan işçiyə nə qədər müavinət ödənilir?
"Əmək münasibətləri Əmək Məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir. Əmək Məcəlləsinin 74.1-ci maddəsinə görə, işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq, əmək müqaviləsinə xitam verilir".

Bunu Operativ Media-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev bildirib.

Onun sözlərinə görə, həmin Məcəllənin 77.7-ci maddəsinə əsasən, Əmək müqaviləsinə 74-cü maddənin birinci hissəsinin “a” bəndi ilə, yəni işçinin hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli məbləğində müavinət ödəməlidir:

"Hərbi vəzifə və hərbi xidmət haqqında’ Qanunun 50.1-ci maddəsində isə müavinətin orta əməkhaqqının üç misli miqdarından az olmayaraq ödənilməsi nəzərdə tutulub. ‘Normativ hüquqi aktlar haqqında’ Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar eyni hüquqi qüvvəyə malikdirsə və həmin münasibətlər eyni tənzimləmə sahəsinə aidirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir.

Bu səbəbdən sahə normativ hüquqi akt kimi Əmək Məcəlləsi əsas götürülməli və işçiyə orta aylıq əmək haqqının azı iki misli məbləğində müavinət ödənilməlidir.

Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, orta əməkhaqqının hesablanması qaydası belə müəyyən edilmişdir: işçinin orta əməkhaqqı, ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə müəyyən edilir. Alınan məbləğ, əməkhaqqı saxlanılan iş günlərinin sayına vurularaq ödəniləcək məbləğ hesablanır.

Bundan əlavə, işdən azad olunan işçiyə aşağıdakı ödənişlər verilməlidir: faktiki işlədiyi günə qədər hesablanmış əməkhaqqı, əvvəlki illər və ya aylara görə istifadə edilməmiş məzuniyyətin kompensasiyası, qanuna uyğun işdən çıxarma müavinəti. Bu ödənişlərin hamısı ümumiyyətlə əhali arasında rus dilindən gəlmə “raşot pulu” kimi tanınır.

Həmçinin qeyd etmək lazımdır ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu bəndinə əsasən, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılmadan əvvəl müvafiq müəssisədə çalışan şəxslər, hərbi xidmətdən buraxıldıqdan sonra ən gec 60 təqvim günü ərzində əvvəlki və ya ona bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər".

Əlaqəli Xəbərlər