Sənədsiz evi kirayəyə verən şəxs vergi ödəməlidirmi?
Ayşən Sadıxzadə
Vətəndaş evinə “kupça” (çıxarış) ala bilmədiyi halda onu kirayəyə verirsə, bu zaman vergi məsələsi necə tənzimlənir?
Məsələ ilə bağlı Operativ Media-ya açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, qanunvericiliyə əsasən çıxarışı olmayan, yəni daşınmaz əmlakın dövlət qeydiyyatında qeydə alınmayan istənilən obyekt hüquqi baxımdan yaşayış sahəsi hesab edilmir və qanun qarşısında mövcud deyil:


“Bu səbəbdən belə əmlakdan ümumiyyətlə istifadə etmək olmaz. O cümlədən onu icarəyə vermək də qanunla qadağandır”.
Hüquqşünas qeyd edib ki, praktikada vəziyyət fərqlidir:
“Reallıqda bu cür evlər həm istifadə olunur, həm də kirayəyə verilir. Çıxarışı olmayan mənzilə notarial qaydada kirayə müqaviləsi bağlamaq mümkün olmasa da, faktiki olaraq belə razılaşmalar olur. Vergi orqanları da bu hallara göz yuma bilməz”.
Ə. Həsənovun sözlərinə görə, əgər vergi orqanı evin kirayəyə verildiyini müəyyən edərsə, rəsmi müqavilə olmasa belə, kirayə gəlirinə görə vergi tələb ediləcək:
“Vergi orqanı bu faktı aşkar edərsə, adi qaydada kirayə haqqından vergi tələb edəcək. Əgər bilmirsə, təbii ki, tələb irəli sürülmür. Amma məlumat əldə edildiyi andan vergi öhdəliyi yaranır”.
Hüquqşünas Xanlar Sətullayev isə bildirib ki, Mülki Məcəllənin 233-cü maddəsinə görə, Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təsbit edilir:
"Yəni, daşınmaz əmlakın kimin mülkiyyətində olmasının müəyyən olunması üçün onun dövlət reyestrində qeydiyyatı əsasdır.
Mülki Məcəllənin 675-ci maddəsində göstərilir ki, Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
Mülki Məcəllənin 676-ci maddəsində isə göstərilir ki, bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmasına, kirayəyə verilmiş əşyanın əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmasına, üçüncü şəxslərin hər hansı hüquqları və ya iddialarının kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamasına və ya bu istifadəni istisna etməməsinə, yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otağın həmişə ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmaması üçün məsuliyyət daşıyır.
Sənədi olmayan daşınmaz əmlakla bağlı bu tələblərin ödənilməsi mümkünsüzdür. Çünki daşınmaz əmlakın dövlət reyestrinə alınması üçün onun müvafiq qurumlardan qeydiyyatdan keçməsi, təhlükəsizliyi və s üçün rəylər alınmalıdır. Lakin daşınmaz əmlakın faktiki sahibinin mülkiyyət hüququ rəsmiləşmədiyi üçün onunla kirayə götürən şəxs arasında müqavilə bağlanması mümkün olmasa da, kirayə verən faktiki gəlir əldə etdiyi üçün Vergi orqanına gəlirlərini bəyan etməli və gəlir vergisi ödəməlidir".
