Menyu

“O gecə göydən od yağırdı” – Xocalı şahidi

Ayşən Sadıxzadə
“O gecə göydən od yağırdı” – Xocalı şahidi

1992-ci ilin fevralında baş verən dəhşətli gecə, şəhərin sakinlərinin yaddaşına silinməz iz qoyub.

Operativ Media xəbər verir ki, Xocalı faciəsinin şahidlərindən olan Aliyə Abışova həmin dövrü 10 yaşında yaşamış bir uşaq kimi xatırlayır.

Onun xatirələri qorxu, acı, amma həm də insan iradəsinin möhkəmliyini əks etdirir:

"Xocalıda həyat aylarla blokada şəraitində idi. Şəhərin bütün əlaqələri kəsilmişdi; nə kənardan kömək gəlirdi, nə də çıxış yolu vardı. İnsanlar mühasirədə qorxu və ümidsizlik içində yaşayırdılar.

Hər gecə sığınacaqlarda keçir, atəş səsləri səngiyəndə səhərə yaxın evlərə qayıdırdılar. Fevralın 25-dən 26-na keçən gecə isə hər şey fərqli oldu. Gecə saat 11 radələrində şəhər dörd tərəfdən güclü raket və top atəşinə tutuldu. Sanki göydən od yağırdı. Ayaqqabı geyinməyə belə vaxt olmadı. İnsanlar təşviş içində sığınacaqlara qaçırdı. Bir çox sakin artıq şəhəri tərk etmiş, xəbərsiz qalanlar isə mühasirədə qalmışdı.

Səhərə yaxın saat 6 radələrində ailə sığınacaqda qalmağın əsirlik demək olduğunu anlayaraq çıxmağa qərar verdik. Hər tərəf düşmənlə əhatələnmişdi. Ya əsir düşmək, ya da öldürülmək təhlükəsi vardı. Meşəyə üz tutmaq istəsək də, şəhərdə “Beşmərtəbə” kimi tanınan binaya sığınmaq məcburiyyətində qaldıq. Gün boyu orada mühasirədə olduq. Döyüş davam edir, itkilər verilirdi.

Axşam saatlarına yaxın meşə istiqamətində çıxmaq mümkün oldu. Qarqar çayını keçib, meşəyə çatmaq əsas məqsəd idi. Lakin yolda tankların atəşi nəticəsində bir çox insan şəhid oldu. Sağ qalanlar çayı keçərək meyitlərin arasında gizləndi ki, düşmən onları da ölü bilsin".

Meşə yolu ilə üç gün davam edən ağır və üzücü yol başladı. Qarlı, şaxtalı hava, duman və istiqamətsizlik onları dəfələrlə azdırdı. Ermənilərin yaşadığı kəndlərin yaxınlığına çıxıb geri qayıtmalı oldular. Anası üç aylıq körpəsini belinə bağlayır, digər iki qızını növbə ilə qucağında aparırdı. Donvurma təhlükəsi, aclıq və yorğunluq hər addımda onları izləyirdi.

Üçüncü gün axşam saatlarında Ağdama çatdılar. Aliyə Abışova artıq donmuş vəziyyətdə idi və xəstəxanaya gətiriləndə ölü bilinmişdi. Bir neçə saat sonra nəfəsi hiss edildi. Ayaqlarının amputasiya edilməsi qərarı verilmişdi, lakin son anda hissiyatın qayıtması ilə bu təhlükə sovuşdu.

Bu hadisələr bir uşağın həyatında dərin travma yaratdı, amma eyni zamanda ona möhkəmlik dərsi verdi. Xocalı artıq azad edilib. Qarabağda Azərbaycan bayrağı dalğalanır. 10 yaşında qorxmuş uşaq artıq qalib xalqın nümayəndəsidir.

Xocalı faciəsi təkcə bir faciə deyil, həm də bir dərs, bir yaddaşdır. Gənclərin üzərinə böyük məsuliyyət düşür. Bu həqiqətləri dünyaya çatdırmaq, tariximizi unutdurmamaq vacibdir. Xocalı artıq təkcə şəhid şəhəri deyil, qəhrəman şəhəridir.

Aliyənin ailəsi Xocalıya qayıdan ilk sakinlər arasında olub. Bu, sadəcə yaşayış yerini dəyişmək deyildi; illərlə ürəklərində daşıdıqları yurd həsrətinin sona çatması idi. Uzun illərdən sonra Xocalının torpağına ayaq basmaq həm kövrək, həm də qürurverici an idi. Orada yaşanan ağrılar yaddaşdan silinməsə də, bu dəfə həmin torpaqda azad və başıuca dayanmaq tamam başqa duyğu idi.

Artıq Xocalıda həyat bərpa olunur. İnfrastruktur qurulur, evlər istifadəyə verilir, gündəlik həyat ritmi formalaşır. Orada yaşamaq mənəvi güc verir. İnsan öz yurdunda olanda tamam başqa cür nəfəs alır. Bu qayıdış həm şəxsi sevinc, həm də milli qürur deməkdir.

“Xocalıya qayıdış həm sevinc, həm də qürur hissi ilə dolu idi", -  Aliyə Abışova qeyd edib.

Əlaqəli Xəbərlər