Azərbaycan nümayəndə heyəti Milanda keçirilən beynəlxalq sammitdə iştirak edir
5–7 may tarixlərində İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetləri Sammiti”ndə Azərbaycan nümayəndə heyəti iştirak edir.
Bu barədə Operativ Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Nümayəndə heyətinin tərkibinə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, eləcə də ölkənin 5 aparıcı ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti daxildir.
Sammit çərçivəsində Azərbaycan ali təhsil müəssisələri ölkə pavilyonunda xüsusi stendlərlə təmsil olunur. Stendlərdə universitetlərin təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları, elmi-tədqiqat fəaliyyəti və inkişaf istiqamətləri barədə sammit iştirakçılarına ətraflı məlumat təqdim edilir.
Beynəlxalq tədbirdə iştirak Azərbaycan ali təhsilinin qlobal akademik məkanda tanıdılması, universitetlərarası əməkdaşlığın genişləndirilməsi və ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.