"Borussiya Dortmund"un müdafiəçisi mövsümün sonunda futbolçu karyerasını başa vuracaq
Dortmundun “Borussiya” klubunun müdafiəçisi Niklas Züle 2025/26 mövsümünün Bundesliqadakı son turundan sonra oyunçu karyerasını başa vuracaq.
Operativ Media xəbər verir ki, bu haqda 30 yaşlı futbolçu “Spielmacher” podkastının efirində bildirib.
“Yayda karyeramı bitirəcəyimi elan etmək istəyirəm. Hoffenhaymdakı soyunub-geyinmə otağında həkimimiz mümkün çarpaz bağ qırılmasını müəyyən etmək üçün test keçirəndə, fizioterapevtə baxıb başını bulayanda, fizioterapevt də yoxlayıb eyni reaksiyanı verəndə duşa gedib orada on dəqiqə ağladım. Həmin an həqiqətən də hər şeyin bitdiyini, bağların qırıldığını düşündüm. Ertəsi gün MRT müayinəsinə gedib şad xəbər alanda (bağların qırılmadığı məlum olanda) mənim üçün hər şey min faiz aydın oldu: artıq yekunlaşdırmaq lazımdır. Futboldan sonrakı həyatın dadını çıxarmağı — müstəqil olmağı, tətilə getməyi, uşaqlarımla vaxt keçirməyi xəyal edərkən, eyni zamanda üçüncü dəfə çarpaz bağ qırılması zədəsi ilə mübarizə aparmaq məcburiyyətində qalmağımdan daha pis bir şey təsəvvür edə bilməzdim”, — deyə o qeyd edib.
Zülənin “Borussiya” ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır. O, 2022-ci ilin iyulundan bu komandada çıxış edir. Müdafiəçi 2025/26 mövsümündə keçirdiyi 12 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu, həmçinin “Hoffenhaym” və “Bavariya” klublarında da forma geyinib. Almaniya millisində çıxdığı 49 matçda isə 1 qol vurub.
Züle “Bavariya”nın heyətində beş dəfə Almaniya çempionu, iki dəfə Almaniya Kuboku, həmçinin Çempionlar Liqası, dörd dəfə Almaniya Superkuboku, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olub.