FIFA "Neftçi"yə niyə transfer qadağası qoyub? - AÇIQLAMA
FIFA-nın “Neftçi”yə transfer qadağası qoymasının səbəbi məlum olub.
Bu haqda Operativ Media-ya açıqlamasında "ağ-qaralar"ın mətbuat katibi Asəf Zeynallı deyib.
O, qadağanın transfer ödənişi ilə bağlı olduğunu bildirib.
"Transfer ödənişi gecikəndə FIFA-nın müvafiq portalı klubu avtomatik olaraq qırmızı siyahıya salır və transfer qadağası tətbiq edilir. Bu, dünya praktikasında tez-tez rast gəlinən haldır. Əsas öhdəliklər yerinə yetirildikdən sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq bizim tərəfdən ödəniş həyata keçirilib. Qarşı tərəf bunu təsdiqlədikdən sonra transfer qadağasının maksimum 3-5 gün ərzində aradan qaldırılması gözlənilir. Narahatlığa əsas yoxdur, klubun heç bir borc öhdəliyi qalmayıb. Sadəcə, texniki səbəblərə görə bir ödənişdə gecikmə yaranmışdı, o məsələ də artıq həll olunub. Azarkeşlərimiz narahat olmasınlar".
Qeyd edək ki, qurumun saytında "Neftçi" klubuna 3 mövsümlük transfer qadağası tətbiq edildiyi qeyd olunub.
