Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib
8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən silsilə tədbirlər keçirilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Operativ Media-ya bildirilib ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək, milli birlik və həmrəylik dəyərlərini təşviq etmək, həmçinin Zəfər Gününün ictimaiyyət arasında geniş qeyd olunmasını təmin etməkdir.
Tədbirlərdə konsert proqramları, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, Ağdam və Füzuli şəhərlərində “Zəfər Rəqsi” bədii filminin nümayişi, Xocavənd şəhərində isə Ağdam Dövlət Dram Teatrının təqdimatında “Mübariz” tamaşası nümayiş etdirilib.
Tədbirlərdə dövlət rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər, rayon sakinləri, eləcə də Prezidentin xüsusi nümayəndəliyinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Zəfər Gününə həsr olunmuş bu tədbirlər xalqımızın tarixi Qələbəsinin əhəmiyyətinin gələcək nəsillərə çatdırılması, milli qürur və vətənpərvərlik hisslərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.