Cinayət işi üzrə hansı əmlakların üzərinə həbs qoyulmur? - QANUN
Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxsin əmlakına həbs qoyula bilər.
Operativ Media xəbər verir ki, bu zaman əmlakın üzərində sərəncam vermək, bəzi hallarda isə ondan istifadə etmək qadağan edilir, bank əmanətləri üzrə əməliyyatlar dayandırılır.
Belə ki, əmlak üzərinə həbs qoyulması onun siyahıya alınmasını, mülkiyyətçiyə və ya sahibə əmlak üzərində sərəncam verməyin, zəruri hallarda isə ondan istifadə etməyin qadağan edilməsini, habelə əmlakın götürülməsini və ya saxlanmaq üçün mülkiyyətçiyə, yaxud sahibə verilməsini nəzərdə tutur.
Əmlakın kimdə olmasından və nədən ibarət olmasından asılı olmayaraq, həbs təqsirləndirilən şəxsin, eləcə də üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakına tətbiq edilə bilər.
Təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyətindəki payına və digər şəxslərlə mülkiyyətində olan payına da həbs qoyula bilər. Əmlakın xüsusi müsadirəyə məruz qalmalı olduğuna dair kifayət qədər sübut olduqda isə həbs bütün əmlaka və ya onun böyük hissəsinə tətbiq edilə bilər.
Cinayət yolu ilə əldə edilmiş əmlak istifadə edildikdə, özgəninkiləşdirildikdə və ya başqa səbəbdən dövlət nəfinə alına bilmədikdə, həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus digər əmlaka həbs qoyula bilər.
Bununla belə, qanunvericilik bəzi əşyaların üzərinə həbs qoyulmasını qadağan edir. Mülkiyyətçi, əmlak sahibi və onların ailə üzvləri üçün zəruri olan qida məhsulları, mühüm dəyəri olmayan yanacaq, ixtisas üzrə kitablar, peşə fəaliyyəti üçün avadanlıq, daimi istifadə edilən qab-qacaq və mətbəx ləvazimatı, eləcə də digər ilk zərurət əşyaları bu məhdudiyyətə daxildir.
Müəssisə, idarə və təşkilatların da əmlakına onların təsərrüfat fəaliyyətinə xələl gətirmədən ayrıla bilən hissə istisna olmaqla, həbs qoyula bilməz.
Xüsusi müsadirə isə cinayət-hüquqi tədbir kimi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.
Xüsusi müsadirəyə cinayət törədilərkən istifadə olunan alət və vasitələr, şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak və həmin əmlakdan əldə olunan gəlirlər, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlər və ya digər üsullarla çevrildiyi əmlak daxildir. Bundan başqa, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin, mütəşəkkil dəstələrin və cinayətkar birliklərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak da xüsusi müsadirənin predmetidir.
Qanunvericiliyə görə, qanuni sahibinə qaytarılmalı olan əmlak və cinayət törədilərkən istifadə edilmiş, lakin qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr xüsusi müsadirə qaydasında dövlətin nəfinə alınmır.