Şanlı zəfərin 6-cı ili: Qarabağda quruculuq, iqtisadi dirçəliş və Böyük Qayıdış - TƏHLİL
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşında milli qürurun, birliyin, Vətən sevgisinin və tarixi ədalətin bərpasının rəmzi kimi yaşayır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, regionda yeni siyasi reallıqların formalaşmasına da zəmin yaradıb.
Zəfərdən ötən altı il ərzində işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın təmin edilməsi və Qarabağda iqtisadi həyatın dirçəldilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. Bu gün Zəfər yalnız hərbi Qələbə deyil, həm də quruculuq və inkişafın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov bildirib ki, ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyünün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, iqtisadi həyatın dirçəldilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə yadda qalıb.
Deputatın sözlərinə görə, Ermənistanın təxminən 30 il davam edən işğalı dövründə şəhər və kəndlər dağıdılıb, tarixi-mədəni abidələrə, dini məkanlara, sosial və iqtisadi infrastruktura ciddi ziyan vurulub, təbii sərvətlər talan edilib. Buna baxmayaraq, Azərbaycan dövləti qısa müddətdə genişmiqyaslı quruculuq prosesinə başlayıb.
Azər Badamov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər Azərbaycanın iqtisadi gücünün, maliyyə imkanlarının və siyasi iradəsinin göstəricisidir.
Dövlət investisiyaları və iqtisadi dirçəliş
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması Azərbaycanın həyata keçirdiyi ən böyük investisiya layihələrindən biridir. Deputatın təqdim etdiyi məlumata görə, 2020–2026-cı illər ərzində bu məqsədlə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı ilin dövlət büdcəsində bu istiqamətə 3,5 milyard manat nəzərdə tutulub. 2027-ci il üçün isə 3,4 milyard manat vəsaitin ayrılması planlaşdırılır.
Azər Badamov vurğulayıb ki, dövlət investisiyalarının məqsədi yalnız dağıdılmış infrastrukturun bərpası deyil. Əsas hədəflər yeni iqtisadi məkanın yaradılması, özəl investisiyaların cəlb edilməsi, istehsal və xidmət sahələrinin inkişafı, məşğulluğun artırılması və həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasıdır.
Bu istiqamətdə 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramı mühüm strateji sənəd kimi çıxış edir. Proqramın əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etməklə yanaşı, həmin ərazilərdə dayanıqlı yaşayış və iqtisadi fəaliyyət üçün şərait yaratmaqdır.
Nəqliyyat və logistika infrastrukturu inkişaf etdirilir
Son altı ildə Qarabağ və Şərqi Zəngəzurda əsas investisiya istiqamətlərindən biri nəqliyyat infrastrukturunun yenidən qurulması olub.
Azər Badamovun sözlərinə görə, bu müddətdə ümumi uzunluğu 3 720 kilometrdən artıq olan 64 avtomobil yolu layihəsi icra edilib. Onlardan 1 400 kilometrdən çoxunu əhatə edən 17 layihə tamamlanıb.
Bununla yanaşı, Füzuli, Zəngilan və Laçında üç beynəlxalq hava limanı tikilərək istifadəyə verilib. Bu hava limanları sərnişin və yük daşımaları, eləcə də dövlət və hökumət nümayəndələrinin, xarici qonaqların səfərləri baxımından əhəmiyyət daşıyır.
Dəmir yolu infrastrukturunun bərpası və genişləndirilməsi də regionun iqtisadi gələcəyi üçün vacib istiqamətlərdəndir. Xüsusilə Zəngəzur dəhlizi perspektivi və Horadiz–Ağbənd dəmir yolu xətti Azərbaycanın regional nəqliyyat-logistika sistemində mövqeyini gücləndirmək imkanları yaradır.
Enerji və rəqəmsal infrastruktur qurulur
İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi infrastrukturunun yenidən qurulması, yeni yarımstansiyaların, elektrik verilişi xətlərinin və su elektrik stansiyalarının inşası davam etdirilir.
Regionda hidroenerji, günəş və digər alternativ enerji mənbələrindən istifadə üçün geniş potensial mövcuddur. Bu imkanların reallaşdırılması enerji təhlükəsizliyinin gücləndirilməsi və gələcəkdə ixrac imkanlarının artırılması baxımından əhəmiyyətlidir.
Eyni zamanda, su anbarlarının, suvarma sistemlərinin və içməli su infrastrukturunun bərpası kənd təsərrüfatının inkişafına xidmət edir. Rabitə və telekommunikasiya infrastrukturunun yenilənməsi, yaşayış məntəqələrinin genişzolaqlı internetlə təmin edilməsi isə regionda rəqəmsal iqtisadiyyatın formalaşmasına imkan yaradır.
Böyük Qayıdış və yeni iqtisadi model
Deputatın diqqət çəkdiyi əsas istiqamətlərdən biri də Böyük Qayıdış prosesidir. 2026-cı ilin məlumatlarına əsasən, keçmiş məcburi köçkünlərin 48 yaşayış məntəqəsinə – 10 şəhər, 3 qəsəbə və 35 kəndə qayıdışı təmin edilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə 100 mindən çox insan yaşayır, işləyir və təhsil alır.
Azər Badamov bildirib ki, Böyük Qayıdış yalnız humanitar və sosial məsələ deyil, eyni zamanda iqtisadi inkişaf layihəsidir. İnsanların doğma torpaqlarına qayıtması istehlak bazarının genişlənməsi, əmək resurslarının formalaşması, sahibkarlıq fəaliyyətinin canlanması və yerli iqtisadi dövriyyənin artması deməkdir.
Bu baxımdan Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda yaradılan Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı və Zəngilanda fəaliyyət göstərən Dost Aqroparkı xüsusi əhəmiyyət daşıyır. Bu layihələr istehsalın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, yerli xammalın emalı və ixrac imkanlarının artırılmasına xidmət edir.
Deputat qeyd edib ki, regionun uzunmüddətli iqtisadi inkişafı üçün dövlət investisiyaları ilə yanaşı, özəl sektorun iştirakı da genişləndirilməlidir. Sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması, güzəştli maliyyələşmə imkanları və stimulların tətbiqi bu prosesə töhfə verə bilər.
Qarabağ Universitetinin fəaliyyətə başlaması da regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Universitetin yaradılması yüksəkixtisaslı kadrların hazırlanmasına və bölgənin iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə mütəxəssislərə olan tələbatının ödənilməsinə xidmət edir.
Azər Badamovun fikrincə, Böyük Qayıdışın davamlılığı insanların yalnız evlərinə köçürülməsi ilə deyil, onların işlə təmin olunması, iqtisadi cəhətdən müstəqil yaşaması və gələcəklərini həmin ərazilərlə bağlaması ilə ölçülməlidir.
Zəfərin tarixi və siyasi əhəmiyyəti
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva isə 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli birliyini, iradəsini və dövlətin qüdrətini nümayiş etdirən tarixi hadisə olduğunu bildirib.
Deputat qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi işğal edilib, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb.
Onun sözlərinə görə, Azərbaycan uzun illər münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllinə çalışıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan ərazilərinin işğalına son qoyulması və işğalçı qüvvələrin çıxarılması ilə bağlı tələblər əksini tapsa da, həmin sənədlər uzun müddət icra edilməyib.
Pərvanə Vəliyeva vurğulayıb ki, güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordu quruculuğu və beynəlxalq diplomatik fəaliyyət tarixi Zəfərin əldə olunmasının əsas amilləri olub.
Deputatın sözlərinə görə, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirərək işğal altında olan ərazilərin azad edilməsinə başlayıb. 44 günlük müharibənin həlledici hadisələrindən biri isə noyabrın 8-də Şuşanın azad edilməsi olub.
O bildirib ki, Şuşanın azad edilməsi həm hərbi-strateji, həm də mənəvi və tarixi baxımdan xüsusi əhəmiyyət daşıyıb. Bu hadisə müharibənin gedişində dönüş nöqtəsi olub və noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasına gətirib çıxarıb.
Pərvanə Vəliyeva xatırladıb ki, Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək tarixi Zəfər xəbərini elan edib. Həmin ilin dekabrın 3-də imzalanan sərəncamla noyabrın 8-i Zəfər Günü təsis edilib.
Deputat qeyd edib ki, bu Qələbə şəhidlərin qanı, qazilərin fədakarlığı və Azərbaycan əsgərinin şücaəti hesabına qazanılıb. Onun sözlərinə görə, qazilərin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlığının qorunması və məşğulluğunun təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Pərvanə Vəliyeva əlavə edib ki, tarixi Zəfər işğaldan azad edilmiş ərazilərdə yeni quruculuq mərhələsinin başlanmasına, insanların doğma yurdlarına qayıtmasına və regionda iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradıb.
Zəfər Azərbaycanın siyasi iradəsinin təntənəsidir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Samir Vəliyev də Zəfərin Azərbaycanın siyasi iradəsinin, milli birliyinin və dövlət müstəqilliyinin təntənəsi olduğunu vurğulayıb.
Deputat bildirib ki, 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini müəyyən edən mühüm dönüş nöqtəsi olub.
Onun sözlərinə görə, Qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində tarixi nailiyyət olmaqla yanaşı, ölkənin beynəlxalq nüfuzunun artmasına və Cənubi Qafqazda yeni siyasi reallıqların yaranmasına səbəb olub.
Samir Vəliyev qeyd edib ki, müharibə dövründə xalqın dövlət və ordu ətrafında birləşməsi, əsgər və zabitlərin qəhrəmanlığı Qələbənin əsas amillərindən olub.
Deputatın fikrincə, Zəfər Günü yalnız keçmiş Qələbənin xatırlanması deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyətin dərk edilməsidir. Azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın davam etdirilməsi və regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetləri olaraq qalır.
Zəfərdən quruculuğa, quruculuqdan iqtisadi gücə
Beləliklə, Zəfərdən sonrakı altı il Azərbaycan üçün yalnız işğaldan azad edilmiş ərazilərin bərpası dövrü deyil, həm də yeni iqtisadi məkanın formalaşması, sosial həyatın dirçəldilməsi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi mərhələsi olub.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr ölkənin iqtisadi potensialının gücləndirilməsinə, qeyri-neft sektorunun inkişafına, yeni investisiya imkanlarının yaranmasına və regional iqtisadi tarazlığın təmin edilməsinə xidmət edir.
Ən mühüm nəticələrdən biri isə uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə qayıtması, burada yaşaması, işləməsi və gələcəyini qurmasıdır.
Zəfər torpaqlarımızın azadlığını təmin etdi, quruculuq həmin ərazilərdə həyatı yenidən canlandırdı, Böyük Qayıdış isə tarixi Qələbəni sosial və iqtisadi reallığa çevirir.
Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış istiqaməti üzrə hazırlanıb.



