Menyu

Həbs qoyulan qiymətli daşların taleyi necə olur? – Qaydalar

Xəbərlər redaksiyası
Həbs qoyulan qiymətli daşların taleyi necə olur? – Qaydalar
2 dəq oxu

Cinayət işi üzrə təqsirləndirilən şəxsin əmlakına həbs qoyularkən əşyalar, bir qayda olaraq, götürülür.

Operativ Media xəbər verir ki, daşınmaz əmlak və iri həcmli əşyalar isə istisna olmaqla, götürülməyən əmlak möhürlənərək sahibinə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərinə saxlanmaq üçün verilə bilər.

Belə ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı əmlak üzərinə həbs qoyulması haqqında qərarı müstəntiq, məhkəmə icraatı zamanı isə dövlət icra məmuru icra edir.

Müstəntiq və ya dövlət icra məmuru əvvəlcə əmlakın mülkiyyətçisinə və ya sahibinə müvafiq qərarı təqdim edir və əmlakın verilməsini tələb edir. Bu tələb yerinə yetirilmədikdə əmlaka məcburi qaydada həbs qoyulur. Əmlakın gizlədildiyini güman etməyə əsas olduqda isə müstəntiq müvafiq qərar əsasında axtarış apara bilər.

Təqsirləndirilən şəxsin müdafiəçisi də əmlaka həbs qoyulması prosesində iştirak etmək hüququna malikdir. Müstəntiq tərəfindən əvvəlcədən məlumatlandırılan müdafiəçi bu hüquqdan istifadə etmək istədiyini bildirdikdə, onun iştirakı təmin edilməlidir.

Əmlakın dəyərinin müəyyənləşdirilməsi üçün prosesə mütəxəssis-əmtəəşünas cəlb oluna bilər. Müstəntiqin və ya dövlət icra məmurunun icazəsi ilə əmlaka həbs qoyulması zamanı foto, video və kino çəkilişdən, eləcə də digər texniki yazı vasitələrindən istifadə etmək mümkündür.

Əmlak üzərinə həbs qoyulması qanunvericilikdə müəyyən edilmiş ardıcıllıqla həyata keçirilir. Bu zaman əmlakın mülkiyyətçisi və ya sahibi qərarda göstərilən məbləğin ödənilməsini təmin etmək üçün ilk növbədə hansı əşyaların həbsə alınmasını müəyyən etmək hüququna malikdir.

Daşınmaz əmlak və iri həcmli əşyalar istisna olmaqla, üzərinə həbs qoyulan əmlak, bir qayda olaraq, götürülür. Götürülən qiymətli metallar və daşlar, mirvari, milli və xarici valyutada pul, sənədli qiymətli kağızlar, çeklər, konosamentlər və lotereya biletləri saxlanılması üçün Azərbaycan Mərkəzi Bankına təhvil verilir.

Digər götürülmüş əşyalar isə mümkün olduqda qablaşdırılır, möhürlənir və istintaq orqanında və ya məhkəmədə saxlanılır. Alternativ olaraq, onlar mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə təhvil verilə bilər.

Götürülməyən əmlak möhürlənir və saxlanılması üçün mülkiyyətçiyə, sahibə və ya onların yetkinlik yaşına çatmış ailə üzvlərinə verilir. Bu zaman həmin şəxslər əmlakın özgəninkiləşdirilməsi, korlanması və ya məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilir və onlardan iltizam alınır.

Həbs qoyulmuş əmlak sahibinə saxlanılması üçün verilmədikdə, cinayət prosesini həyata keçirən orqan mülkiyyətçinin yazılı müraciəti və ya razılığı əsasında, onun hesabına həmin əmlaka qulluq göstərilməsini təmin edə bilər. Əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək ona qulluqla bağlı tədbirlər isə müvafiq dövlət qurumu tərəfindən təşkil olunur.

Əlaqəli Xəbərlər