Qarabağ Zəfəri: milli gücün təntənəsi, Azərbaycanın beynəlxalq yüksəlişi və yeni strateji vəzifələr
Zəfəri təmin edən dövlət strategiyası və xalq-ordu birliyi
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər müasir dövlətçilik tariximizin dönüş nöqtəsidir. Bu Qələbə ərazilərin işğaldan azad edilməsi ilə yanaşı, ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirdi, regional güc balansını dəyişdirdi və milli inkişaf üçün yeni imkanlar yaratdı. 2020-ci ildə əldə edilmiş həlledici hərbi-siyasi nəticələrin 2023-cü ildə dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpası ilə tamamlanması Azərbaycanın təhlükəsizlik və xarici siyasət gündəliyinə yeni məzmun gətirdi. Ölkəmiz uzun illər imkanlarını məhdudlaşdıran işğal amilini aradan qaldıraraq regional sülh və əməkdaşlıq proseslərinin fəal təşəbbüskarına çevrildi.
Qarabağ Zəfərinin mahiyyəti həm də onu mümkün edən amillərin vəhdətindədir. İqtisadi imkanlar, müasir ordu, siyasi iradə, diplomatik hazırlıq, informasiya fəaliyyəti və milli həmrəylik bir-birini tamamladı. Prezident, Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin əsas xüsusiyyəti bu imkanları vahid məqsədə yönəltmək, uzunmüddətli hazırlığı zəruri məqamda qətiyyətli qərarla birləşdirmək oldu. Azərbaycan əsgəri və zabiti isə dövlətin yaratdığı imkanları peşəkarlığı, cəsarəti və fədakarlığı ilə döyüş meydanında Qələbəyə çevirdi.
Beynəlxalq araşdırmalar da müharibənin nəticələrini yalnız bir silah növünün üstünlüyü ilə izah etməyin kifayət etmədiyini göstərir. ABŞ və Avropanın nüfuzlu tədqiqat platformalarında Azərbaycanın hərbi uğuru maliyyə imkanları, texnoloji yenilənmə, əməliyyat hazırlığı və siyasi şəraitin qarşılıqlı təsiri baxımından öyrənilir. Bu mənbələrdə bir neçə mühüm nəticə önə çıxır: Azərbaycan hərbi üstünlük yaratmış, həmin üstünlükdən istifadə etmiş və regionda əvvəlki vəziyyəti dəyişdirmişdir.
Diplomatik hazırlıq Zəfəri təmin edən prosesin ayrılmaz hissəsi idi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü ardıcıl müdafiə olunur, işğalın qəbuledilməzliyi beynəlxalq gündəlikdə saxlanılırdı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində əks olunan geri çəkilmə tələblərinin uzun illər icrasız qalması hüquqi mövqeyin siyasi və maddi imkanlarla dəstəklənməsinin zəruriliyini göstərirdi. Prezident İlham Əliyevin diplomatiyası ölkənin hüquqi mövqeyini, tərəfdaşlıq əlaqələrini və təhlükəsizlik maraqlarını bir-birinə bağlı şəkildə irəli aparırdı.
İnformasiya sahəsində Prezident İlham Əliyevin birbaşa və aktiv fəaliyyəti Zəfərin informasiya cəbhəsində də dönüş yaradılması və üstünlüyün təmin olunmasında mühüm rol oynadı. Xarici mediaya müsahibələr Azərbaycanın məqsədlərini birbaşa və ali mənbədən beynəlxalq auditoriyaya çatdırmaq, mürəkkəb suallara cavab vermək və hadisələrin tarixi-siyasi kontekstini izah etmək imkanı yaratdı. Ölkə daxilində xalqa müraciətlər ictimai inamın və milli birliyin qorunmasına xidmət edirdi. Beləliklə, cəbhədəki əməliyyatlar, diplomatik danışıqlar və ictimai kommunikasiya vahid siyasi məqsəd ətrafında əlaqələndirilirdi.
Zəfərin iqtisadi əsasları
Zəfərin iqtisadi əsaslarını 1994-cü illə 2020-ci ilin müqayisəsi aydın göstərir. Birinci Qarabağ müharibəsində atəşkəs əldə edilərkən Azərbaycan iqtisadi böhran, istehsal əlaqələrinin dağılması, ağır sosial problemlər və işğalın nəticələri ilə üzləşmişdi. Dünya Bankının məlumatlarına görə, 1994-cü ildə Azərbaycanın ümumi daxili məhsulu cari qiymətlərlə təxminən 1,2 milyard ABŞ dolları, 2020-ci ildə isə 42,7 milyard dollar olmuşdur. Bu, iqtisadiyyatın dollarla ifadə edilən nominal həcminin təxminən 35,8 dəfə böyüməsi deməkdir. Azərbaycanın hərbi xərcləri 1994-cü ilin mayında atəşkəs elan olunarkən təxminən 43,9 milyon ABŞ dolları, 2020-ci il sentyabrında Vətən müharibəsi başlayarkən isə 2,2 milyard ABŞ dolları idi.
Müqayisə üçün Ermənistanın 1994-cü ildə ÜDM-i 1,3 milyard ABŞ dolları, 2020-ci ildə isə 12,6 milyard ABŞ dolları idi. Beləliklə, 1994-cü ildə iqtisadiyyatlarının nominal həcmi bir-birinə yaxın olan iki ölkə arasında 26 il sonra, 2020-ci ildə Azərbaycanın xeyrinə təxminən 3,4 dəfə fərq yaranmışdı. Hərbi xərclərdə də əhəmiyyətli üstünlük formalaşmışdı: SIPRI-nin hesablamasına görə, 2020-ci ildə Ermənistanın hərbi xərcləri 634 milyon dollar olduğu halda, Azərbaycanın göstəricisi təxminən 3,5 dəfə yüksək idi. Azərbaycanın öz hərbi xərcləri isə 1994-cü illə müqayisədə nominal dollar ifadəsində təxminən 51 dəfə artmışdı.
ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin — CSIS-in 8 dekabr 2020-ci il tarixli təhlilində Azərbaycanın neft-qaz gəlirlərinin silahlı qüvvələrin modernləşdirilməsinə, raketlərə, pilotsuz sistemlərə və reaktiv artilleriyaya sərmayə qoymağa imkan verdiyi göstərilir. Müəlliflər Azərbaycanın daha müxtəlif və keyfiyyət baxımından üstün silah arsenalına malik olduğunu qeyd edir, onu müharibənin aydın hərbi qalibi kimi qiymətləndirirlər. Bu nəticə iqtisadi potensialın müdafiə qabiliyyətinə çevrilməsi strategiyasını konkret hərbi göstəricilərlə dəstəkləyir.
Hərbi hazırlıq yalnız silah alınmasını deyil, şəxsi heyətin yetişdirilməsini, idarəetmə və rabitə sistemlərinin inkişafını, texniki xidməti, ehtiyatların yaradılmasını və döyüş zamanı təminatın davamlılığını əhatə edir. 2020-ci ilin nəticəsini həmin ilin hərbi büdcəsi ilə izah etmək natamam olardı. Döyüş meydanında illərlə aparılmış hazırlıq və əvvəlki sərmayələr nəticə verirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin artan iqtisadi imkanlarının ardıcıl ordu quruculuğuna yönəldilməsi bu baxımdan strateji əhəmiyyət daşıyırdı.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və enerji strategiyası ölkənin iqtisadi dirçəlişi üçün zəmin yaratmışdı. Sonrakı mərhələdə enerji gəlirləri, infrastruktur və xarici tərəfdaşlıqlar dövlətin hərəkət imkanlarını genişləndirdi. Təbii sərvətin mövcudluğu öz-özlüyündə hərbi uğura təminat vermir. Azərbaycan təcrübəsində həlledici olan iqtisadi resursların aydın siyasi məqsədlə, uzunmüddətli müdafiə hazırlığı ilə və peşəkar idarəetmə ilə əlaqələndirilməsi idi.
Zəfərin hərbi əsasları və Azərbaycan əsgərinin şücaəti
Qələbənin hərbi məzmunu da müxtəlif qüvvə və vasitələrin əlaqəli fəaliyyətində üzə çıxdı. Kəşfiyyat, pilotsuz sistemlər, artilleriya, xüsusi təyinatlılar və digər quru bölmələri vahid əməliyyat məqsədinə xidmət edirdi. Texnoloji üstünlükdən istifadə etmək üçün məlumatı vaxtında qiymətləndirmək, qərarı çevik qəbul etmək və dəyişən döyüş şəraitinə uyğunlaşmaq lazım idi. Bu baxımdan Azərbaycan Ordusunun uğuru texnika ilə insan hazırlığının birləşməsinin nəticəsi kimi qiymətləndirilməlidir.
Vest Pointdəki Müasir Müharibə İnstitutunun (Modern War Institute) Şuşa döyüşünə həsr olunmuş araşdırması bu məqamı xüsusilə aydın göstərir. Məqalədə Şuşanın ələ keçirilməsi müharibənin nəticəsini müəyyən edən strateji uğur kimi təqdim olunur. Təhlilin əsas nəticələrindən biri budur ki, pilotsuz sistemlər və uzaqmənzilli zərbələr mühüm imkan yaratsa da, şəhəri ələ keçirmək və saxlamaq xüsusi təyinatlıların, piyadanın, mühəndis və atəş dəstəyi vasitələrinin əlaqəli fəaliyyətini tələb edirdi. Bu qiymətləndirmə Qələbəni yalnız dronlarla izah edən yanaşmanın məhdudluğunu göstərir və Azərbaycan hərbçisinin hazırlığını ön plana çıxarır.
Şuşa əməliyyatının mənəvi əhəmiyyəti də hərbi nəticəsi qədər böyükdür. Çətin dağlıq ərazidə irəliləyən, şəhər daxilində yaxın məsafəli döyüşlər aparan əsgər və zabitlər yüksək fiziki hazırlıqla yanaşı, Vətənə bağlılıq nümayiş etdirdilər. Dövlətin iqtisadi və texnoloji imkanları məhz bu insan amili ilə gerçək nəticəyə çevrildi. Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyi, komandirlərin qərarvermə bacarığı və şəxsi heyətin fədakarlığı eyni məqsəd ətrafında birləşdi.
Prezident İlham Əliyevin siyasi məharəti ərazi bütövlüyünün bərpasını dəyişməz milli prioritet kimi qorumaqla yanaşı, həmin məqsədə çatmaq üçün imkanları mərhələli şəkildə artırmasında idi. Siyasi səbr fəal hazırlıqla müşayiət olunurdu. Dövlətin iqtisadi bazası genişləndirilir, ordu gücləndirilir, tərəfdaşlıqlar inkişaf etdirilir, beynəlxalq şərait və risklər qiymətləndirilirdi. Bu ardıcıllıq siyasi qərarın onu həyata keçirməyə imkan verən real gücə əsaslanmasını təmin etdi.
Avropa Xarici Əlaqələr Şurasının — ECFR-in 24 noyabr 2020-ci il tarixli təhlilində də Qarabağ müharibəsinin dərslərinin texnologiyadan daha geniş olduğu vurğulanır. Belə ki, müəllif Qustav Qressel araşdırmanın ilk əsas dərsini strategiya və siyasətin əhəmiyyəti üzərində qurur, Avropa ölkələrini müharibənin nəticələrini ciddi öyrənməyə çağırır. Bu yanaşma göstərir ki, Azərbaycanın Qələbəsi beynəlxalq ekspert müzakirələrində müasir müdafiə siyasəti üçün əhəmiyyətli təcrübə kimi nəzərdən keçirilir. Buradan çıxan analitik nəticəni belə ümumiləşdirmək olar: hərbi imkanların səmərəsi siyasi məqsədin, tərəfdaşlıqların və strateji şəraitin düzgün qiymətləndirilməsi ilə artır.
Zəfər Azərbaycana orta güc statusu verdi
Zəfər Azərbaycanın orta güc dövləti kimi mövqeyinin möhkəmlənməsinə də mühüm təkan verdi. Orta güc dövlətin öz maraqlarını müdafiə etmək, regional proseslərə təsir göstərmək, qlobal gündəliyin formalaşmasına töhfə vermək, tərəfdaşlıqlar yaratmaq və beynəlxalq əməkdaşlığı təşviq etmək qabiliyyətini ifadə edir. Azərbaycanın nümunəsində hərbi hazırlıq, müstəqil xarici siyasət, enerji və nəqliyyat imkanları, çoxtərəfli diplomatiya və dialoq təşəbbüsləri bu mövqenin əsas dayaqlarıdır. Burada mühüm fərq var: dövlətin təsiri yalnız malik olduğu resurslarla deyil, həmin resursların tərəfdaşlar üçün yaratdığı əhəmiyyətlə də ölçülür.
Azərbaycanın enerji təchizatı və nəqliyyat bağlantıları müxtəlif ölkələrin iqtisadi maraqları ilə əlaqələnir. Enerji təhlükəsizliyi eyni zamanda milli təhlükəsizliyin mühüm komponenti olduğundan Azərbaycanın bu sahədəki tərəfdaşlığı da onun nüfuzunu artıran faktorlardan hesab olunur. İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun — ISPI-nin enerji təhlillərində TANAP–TAP sistemi Avropanın təchizat mənbələrini şaxələndirən infrastrukturlar arasında göstərilir. İnstitutun 2023-cü il təhlili bu və digər layihələrin Avropa İttifaqını 2022-ci ilin enerji böhranına əvvəlki dövrlərlə müqayisədə daha hazırlıqlı etdiyini qeyd edir. Bu fakt Azərbaycanın iqtisadi layihələrinin xarici tərəfdaşların təhlükəsizliyi üçün əhəmiyyətini göstərir. Enerji əməkdaşlığı ölkəmizin regional istehsalçıdan daha geniş strateji tərəfdaşa çevrilməsinin əsaslarından biridir.
Nəqliyyat sahəsində də oxşar mənzərə yaranır. Dünya Bankının 2023-cü il Orta Dəhliz hesabatına görə, düzgün siyasət və investisiyalarla marşrut üzrə daşımaların həcmini 2030-cu ilədək üç dəfə artırmaq, keçid müddətini isə yarıya endirmək mümkündür. Azərbaycanın orta güc mövqeyinin davamlılığı belə imkanları işlək iqtisadi nəticəyə çevirmək bacarığı ilə də ölçülür. Enerji, nəqliyyat və tranzit sahəsində əlaqələr ölkənin beynəlxalq çəkisini artırır, diplomatik fəaliyyətinə daha geniş əsas yaradır.
Müqayisəli şəkildə baxıldıqda, müharibəyədək iqtisadi güc müdafiə hazırlığının əsas dayaqlarından biri idi; Zəfərdən sonra isə təhlükəsizliyin möhkəmlənməsi iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlavə imkan yaradır. Lakin bu əlaqə avtomatik işləmir. Sülhün hüquqi təminatları, etibarlı nəqliyyat qaydaları və siyasi dialoq olmadıqda iqtisadi potensial tam reallaşmaya bilər. Buna görə də yeni mərhələnin əsas vəzifəsi hərbi-siyasi nəticəni davamlı təhlükəsizlik və inkişafla möhkəmləndirməkdir.
Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun — RUSI-nin platformasında Nik Reynoldsun 23 iyul 2021-ci ildə dərc edilmiş təhlili Azərbaycanın böyük əməliyyat qələbəsini və daha əlverişli strateji mövqe qazandığını qeyd edirdi. Bu baxımdan ilk vəzifə dövlətlərarası münasibətlərin möhkəm hüquqi əsaslarını yaratmaqdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin razılaşdırılmış mətninin paraflanması mühüm diplomatik mərhələ oldu. Bununla belə, paraflanma, imzalanma, ratifikasiya və qüvvəyə minmə fərqli mərhələlərdir. Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına əsas verən müddəaların aradan qaldırılması sülh müqaviləsinin imzalanması və gələcək münasibətlərin davamlılığı üçün vacibdir.
İkinci vəzifə müdafiə hazırlığının sülh quruculuğu ilə uzlaşdırılmasıdır. Sərhədlərin təhlükəsizliyi, ordunun hazırlığı, kritik infrastrukturun mühafizəsi, kibertəhlükəsizlik və informasiya dayanıqlığı daim diqqətdə saxlanılmalıdır. Paralel olaraq, sərhəd məsələlərinin razılaşdırılması, birbaşa əlaqə kanalları və mümkün insidentlərin idarə olunması mexanizmləri inkişaf etdirilməlidir. Güclü müdafiə qabiliyyəti qarşıdurmanın qarşısını almağa, diplomatik mexanizmlər isə risklərin vaxtında idarə edilməsinə xidmət edir.
Üçüncü vəzifə regional kommunikasiyaların açılmasını qarşılıqlı faydaya çevirməkdir. ISPI-nin Ermənistan–Azərbaycan nəqliyyat əlaqələrinə dair araşdırmasında dəmir yolu və avtomobil bağlantılarının bərpasının iqtisadi qarşılıqlı asılılıq və etimad yarada biləcəyi göstərilir. Bununla yanaşı, qarşılıqlı inamsızlığın və təhlükəsizlik narahatlıqlarının iqtisadi faydaları üstələyə biləcəyi qeyd olunur.
Dördüncü vəzifə azad edilmiş ərazilərdə təhlükəsiz və davamlı həyatın bərpasıdır. Böyük Qayıdışın uğuru evlərin və yolların tikintisi ilə yanaşı, məşğulluq, təhsil, səhiyyə və iqtisadi fəaliyyət imkanları ilə ölçülməlidir. Mina təhlükəsinin aradan qaldırılması bu prosesin ilkin şərtidir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və ailələrə məlumat verilməsi də humanitar gündəliyin ayrılmaz hissəsidir. İnsanların gündəlik həyatında təhlükəsizlik və rifah yaratmayan sülhün ictimai dayaqları zəif qalır.
Beynəlxalq təhlillərin müqayisəsi Azərbaycanın Zəfərinə daha geniş baxmağa imkan verir. ABŞ mənbələri texnoloji yenilənmə və birgə hərbi fəaliyyətin, Britaniya təhlilləri hərbi nəticənin siyasi həllə çevrilməsinin, Almaniya araşdırmaları tərəfdaşlıqlar və regional güc münasibətlərinin, İtaliya təhlilləri isə enerji və nəqliyyat əməkdaşlığının əhəmiyyətini önə çıxarır. Bu müxtəlif baxışlardan çıxan nəticə milli gücün ayrı-ayrı imkanların əlaqəli istifadəsi ilə formalaşmasıdır.
Prezident İlham Əliyevin strateji rəhbərliyi Azərbaycanın iqtisadi imkanlarını, hərbi hazırlığını, diplomatik əlaqələrini və informasiya fəaliyyətini vahid məqsəd ətrafında birləşdirdi. Azərbaycan Ordusu və xalqımız bu məqsədi cəsarət, fədakarlıq və birliklə gerçəkləşdirdi. Qarşıdakı mərhələdə həmin milli gücün əsas vəzifəsi suverenliyi qorumaq, orta güc kimi beynəlxalq mövqeyi möhkəmləndirmək və Zəfərin yaratdığı imkanları davamlı sülhə, təhlükəsiz qayıdışa və firavan həyata çevirməkdir.
Azərbaycanın beynəlxalq platformalarda çəkisi dinamik şəkildə artır
Azərbaycanın müstəqil xarici siyasətinin digər göstəricisi ölkənin müxtəlif beynəlxalq və regional təşkilatlarda yalnız iştirakçı deyil, fəal təşəbbüskar kimi çıxış etməsidir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə nümayiş etdirdiyi fəallıq ölkənin bu platformadakı rolunun və çəkisinin göstəricilərindən biri olub. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu təşkilatın gündəliyinin daha da zənginləşdirilməsi və beynəlxalq proseslərdə rolunun artırılması istiqamətində mühüm təşəbbüslər irəli sürdü. Bu təcrübə göstərdi ki, Azərbaycan daxil olduğu formatlarda sadəcə iştirakçı olmaqla kifayətlənmir, həmin platformaların imkanlarından öz maraqları ilə yanaşı, daha geniş beynəlxalq əməkdaşlıq məqsədləri üçün istifadə edir. Azərbaycan müvafiq təşkilatların institusional imkanlarının artırılması və təkmilləşdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərində iştirakı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallığı və D-8-ə üzvlüyü də ölkənin xarici siyasət coğrafiyasının genişləndiyini göstərir.
Mərkəzi Asiya ilə münasibətlər Azərbaycanın regional rolunun yeni mərhələyə keçdiyini göstərən ən mühüm nümunələrdən biridir. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri artıq yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır. 2025-ci ilin noyabrında Daşkənd şəhərində Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qəbul edilib. Bunun nəticəsində əvvəllər “C5” kimi tanınan format faktiki olaraq Azərbaycanla birlikdə “C6” məzmunu qazanıb. Bu hadisənin əhəmiyyəti Azərbaycanın Mərkəzi Asiyada yerləşməməsinə baxmayaraq, regionun siyasi, iqtisadi, enerji və nəqliyyat əlaqələrində mühüm tərəfdaş kimi qəbul edilməsindədir.
Prezident İlham Əliyev 2026-cı il avqustun 23-də Özbəkistana rəsmi səfəri zamanı Azərbaycan və Mərkəzi Asiyanı “böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region” kimi xarakterizə edib.
İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallıq da Azərbaycanın xarici siyasətində ayrıca istiqamətdir. Prezident qurultayda gələn il Azərbaycanda İƏT Zirvə Görüşünün keçirilməsinin nəzərdə tutulduğunu bildirərək, ölkənin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birləşdirici rol oynamaq niyyətini vurğulayıb. Azərbaycanın dünyəvi dövlət modeli ilə yanaşı, İslam dünyası ilə tarixi, mədəni və siyasi əlaqələri bu istiqamətdə ona fərqli diplomatik imkanlar verir. 2027-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinə ev sahibliyi edəcək və təşkilata sədrlik edəcək. Bu, Azərbaycanın İslam dünyasında çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrin və təşkilat daxilində fəal rolunun göstəricilərindən biridir.
Suverenliyimizin tam bərpasından sonra D-8, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətlər və 2025-ci ildə Xankəndidə keçirilən Zirvə görüşündə bütün üzv dövlətləri bir araya gətirməsi də Azərbaycanın diplomatik imkanlarını genişləndirən mühüm hadisələrdəndir. Belə ki, 19 dekabr 2024-cü ildə Qahirədə keçirilən D-8-in XI Zirvə görüşündə Azərbaycan yekdilliklə təşkilata üzv seçildi. Bu, D-8-in rəsmi olaraq 15 iyun 1997-ci ildə İstanbulda yaradılmasından sonra ilk genişlənmə idi. Azərbaycan təşkilatın yarandığı dövrdən sonra ona qəbul edilən ilk yeni üzv olub. D-8 çərçivəsində enerji, ticarət, nəqliyyat, iqlim, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlıq imkanları mövcuddur. Azərbaycanın coğrafi mövqeyi isə bu təşkilatın Xəzər və Cənubi Qafqaz istiqamətində əlaqələrinin genişlənməsi üçün əlavə imkan yaradır.
Dövlət başçısının diplomatik uğurları
Azərbaycanın 2027-ci ildə MDB çərçivəsində həmsədrliyi öz üzərinə götürməsi və 2028-ci ildə təşkilata sədrlik etməyə hazır olduğunu bəyan etməsi ölkəmizin çoxtərəfli diplomatiyasında yeni mərhələnin göstəricisidir. Prezident İlham Əliyevin bu təşəbbüsü Azərbaycanın regional əməkdaşlığın gündəliyinin müəyyənləşdirilməsində daha fəal məsuliyyət daşımaq iradəsini nümayiş etdirir.
Uzun illər Ermənistanın işğal siyasətinin yaratdığı qarşıdurma mühiti regional əməkdaşlıq imkanlarını məhdudlaşdırırdı. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu mühiti dəyişərək qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün yeni siyasi zəmin yaradıb. Bu baxımdan, Prezident İlham Əliyevin sülh strategiyasının mahiyyətini əldə olunmuş hərbi-siyasi nəticələrin dayanıqlı sülhə, iqtisadi əməkdaşlığa və regional etimada çevrilməsi kimi qiymətləndirmək olar.
Kommunikasiyaların açılması və ticarət əlaqələrinin inkişafı sülhün praktik faydalarını gücləndirən mühüm vasitələrdir. Azərbaycanın TDT və CICA çərçivəsində sədrlik təcrübəsi, 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik etməsi ölkəmizin müxtəlif əməkdaşlıq məkanlarında artan rolunu göstərir.
Həmçinin 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasının, 2028-ci ilin mayında isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Azərbaycanda keçirilməsi Bakının beynəlxalq dialoq məkanı kimi mövqeyini möhkəmləndirir. Bu proseslər Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, müstəqil və çoxşaxəli xarici siyasətinin nəticələri kimi dəyərləndirilə bilər.
Müxtəlif siyasi və coğrafi platformalarda fəallıq Azərbaycana tərəfdaşlıq əlaqələrini şaxələndirmək, diplomatik manevr imkanlarını genişləndirmək və ortaq maraqlar ətrafında əməkdaşlığı təşviq etmək imkanı verir. Sədrlik və ev sahibliyi funksiyalarının strateji əhəmiyyəti də məhz onların konkret təşəbbüslərə, razılaşmalara və davamlı əməkdaşlıq mexanizmlərinə çevrilməsindədir. Bu mənada, Azərbaycanı beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, regional proseslərə təsir göstərən və müxtəlif tərəfdaşlar arasında dialoqu təşviq edən fəal orta güc kimi səciyyələndirmək əsaslıdır. Ölkəmizin bu mövqeyini gücləndirən başlıca amil suveren qərarvermə qabiliyyətinin sülh təşəbbüsləri, iqtisadi bağlantılar və ardıcıl diplomatik fəaliyyətlə tamamlanmasıdır.
Milli Məclisin deputatı,
siyasi elmlər doktoru Rizvan Nəbiyev


