Bu gün general-mayor rütbəsi alan Babək Ələkbərov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdliyin nümayiş etdirilməsinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı alan igidlərdəndir.
Xidməti fəaliyyəti zamanı 3 dəfə “Hərbi xidmətdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunması”, “Zəngilanın azad olunması” medalları ilə təltif olunub.
Generalın döyüş yolu vətən müharibəsinin ilk saatlarından Daşkəsən rayonunun Hinaldağ və Ağdağ yüksəkliklərinin yarılması ilə başlayıb. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə ərazilərin düşməndən təmizlənməsi əməliyyatlarında iştirak edib. Digər qoşun növləri ilə birgə fəaliyyət çərçivəsində DSX-nin Çevik Hərəkat Bölmələrinin Hadrut istiqamətində döyüşlərdə iştirak edən heyətin komandiri olub. Vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan “Əmirvarlı döyüşlər"ində General-mayor Vüsal Sultanovun yaralanmasından sonra Arazboyu əməliyyatlarda və Zəngilan döyüşlərində şəxsi heyətə rəhbərlik edib.
Əmirvarlıdan sonra önü açılan bölmələr qısa müddətdə düşməni təqib edərək Xudafərinə qədər irəliləyir. Babək Ələkbərov 14 qrupu “Dəlidağ” silsiləsinin arxasına keçirməsi ilə Xudafərin əməliyyatı uğurla başa çatır.
Cəbrayılın istisini hiss edənlər bilir ki, quru hava və boz çöllükdə nəfəs almaq belə çətinlik yaradır. Silah-sursatla təchiz olunmuş heyət Xudafərinə çatmaq üçün dayanmadan irəlilədiyindən ciddi bir susuzluq problemi yaranır. Zirvədə mövqelər təyin olunduqdan sonra Ələkbərov durbinlə Araz çayının sahilində bir neçə silahlı şəxsin olduğunu müəyyən edir. İranlıların Azərbaycan tərəfə keçməsi ehtimalını nəzərə alan komandir atəş açmamaq barədə tapşırıq verir. Su problemi isə nə olur olsun həll edilməli idi. Arazdan su götürmək üçün şəxsi heyətdən 3 nəfər ayrılır. Komandirin göstərişinə əsasən heyətin tapşırığı hər şeyə rəğmən şəxsi heyət üçün su gətirmək olur.
“Ermənidirsə, öldürün qabları da su ilə doldurub gətirin, İranlıdırsa, nə olur olsun su gətirin”
Araza enən heyət İranlı hərbçilərlə qarşılaşır. Zirvədə dayanan snayperlər əli tətikdə baş verəcək istənilən hadisə üçün hazır vəziyyətdə gözləyirlər. Danışıqları gərginliklə izləyən komandir heyətin su üçün Araza endiyini və geri qayıtdığını gördükdə ürəyi rahatlayır. Çox az olsa da , sərhədçilərin qurumuş dodaqları su görür. Arazın suyu böyük bir heyəti Bartaz, Şükürataz, Qızıldaş kimi əhəmiyyətli yüksəkləri fəth etməsini təmin edir.
Babək Ələkbərovla Xudafərinə gedənlər bilir ki, general orda Arazın suyundan içməmiş geri qayıtmır. Bəlkə də şəhid döyüşçülərinin həyatlarında son içdiyi ən dadlı su da elə Arazın suyu olub.
Elmin Bayramlı - Operativ Media