Qarabağda gərginlik elə bir həddə çatıb ki, hər an hərbi əməliyyatlar başlasa, təəccüb etmək olmaz.
İstər Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazilərdən, istərsə də, şərti sərhəd istiqamətində hər gün atəşkəs pozulur, təxribatlar baş verir. Danışıqların tam dayandığını və təxribatların artdığını nəzərə alsaq, genişmiqyaslı müharibə olmasa da, lokal toqquşmaların, müəyyən istiqamətdə hərbi əməliyyatın keçiriləcəyini müşahidə edə biləcəyik.
Qarabağın daxilində də vəziyyət gərgindir. Son informasiyalar o yöndədir ki, Rusiya pasportu alan ermənilər ərazini tərk edirlər. Bunu iki cür başa düşmək olar. Birincisi, Rusiya pasportu alan ermənilər artıq burada yaşamağın mümkün olmadığını anlayır və öz dövlətindən çıxmaları üçün tələblər irəli sürürlər. İkinci variant isə, Rusiya regionda yeni müharibə, hərbi əməliyyatlar ehtimalını nəzərə alaraq, vətəndaşlarını ərazidən çıxarır. Nədənsə ikinci variant daha real görünür.
Artıq neçənci dəfədir ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazilərdən mülki aviasiyaya radiomaneələr tətbiq olunub. Bu vasitələrin ermənilərə aid olduğu şübhəlidir. İddia olunur ki, həmin vasitələr məhz ruslara məxsusdur. Azərbaycan Qarabağdakı "humanitar böhran"nın aradan qaldırılması üçün Ağdam-Xankəndi yolunu təklif etmişdi. Bundan əlavə rəsmi Bakı xaricdən gələn humanitar yardımlar üçün isə Füzuli hava limanını təklif edir. Ağdam-Xankəndi yolundan yardımların keçməməsi üçün separatçı rejim yolları bloklayıb. Mülki aviasiyaya radiomaneələr tətbiq edərək həmin yolu da bloklayır. Məsələ bununla da bitmir. Erməni tərəfi radiomaneələr tətbiq etməklə Füzuli hava limanını, dolayısı ilə Qarabağda Azərbaycan tərəfinin istifadə edəcəyi hava limanlarını etibarsızlaşdırır. Bu təkcə mülki aviasiyanı hədəf almayıb. Dolayısı ilə bu cür addımlar Azərbaycanın hava məkanını etibarsızlaşdırmağa hesablanıb.
Azərbaycan tərəfi hər dəfə bu cür hadisədən sonra Rusiya sülhməramlılarına müraciət edir. Məsələ ondadır ki, Rusiya tərəfi bunun nəinki qarşısını alır, heç cavab belə vermir. Belə məqamda Azərbaycan tərəfinin üzərinə düşən iş həmin radiomaneələr törədən qurğuların yerini dəqiq müəyyən edib, sıradan çıxarmaqdır. Rəsmi Bakı dəfələrlə xəbərdarlıq edib. Addım atmamağı onu deməyə əsas verir ki, həmin vasitələr ermənilərə yox, elə ruslara məxsusdur.
Danışıqlar prosesi necə bərpa oluna bilər?
Müharibədən sonrakı dövrə baxanda görürük ki, danışıqlar dalana dirənəndə və gərginlik pik həddə çatmağa yaxınlaşanda, mütləq şəkildə Azərbaycan tərəfi bir əməliyyat həyata keçirib, ardınca danışıqlar prosesində canlanma baş verib. Hazırda vəziyyət yenə eynidir. Ona görə də, keçiriləcək bir əməliyyat danışıqlar prosesini canlandıracaq. Azərbaycan tərəfinin əməliyyat keçirməsi üçün bəzi istiqamətləri var. Bunlar həm Qarabağ, həm də şərti sərhəddə mümkündür.
Xəlfəli yolu həmin istiqamətlərdən biridir. Çünki o yol Azərbaycanı sözün əsl mənasında narahat edir. Müdafiə nazirliyi demək olar ki, hər həftə Xəlfəli yolundan Rusiya sülhməramlılarının müşayiəti ilə separatçılara silah daşınması barədə video material yayımlayır. Bu o deməkdir ki, Azərbaycanın ilk hədəflərindən biri Xəlfəli yolu və o istiqamətdəki yüksəkliklərdir. Digər istiqamət isə Ağdərə-Kəlbəcər yoludur. Düzdür, bu istiqamətdə hansısa təxribatlar baş vermir, ancaq Ağdərə Kəlbəcər yolu Azərbaycan üçün son dərəcə vacibdir. Çünki qış aylarında Kəlbəcərə hərəkət son dərəcə çətin olur. Digər istiqamət isə atəşkəsin intensiv pozulduğu Zod və ətraf ərazilərdir. Azərbaycan tərəfi həmin istiqaməti də hədəf ala bilər. Hesab edirəm ki, bu məntiqli yanaşma olacaq. Azərbaycanın Qarabağda antiterror əməliyyatları keçirməsi gözlənilən olsa da, bu bir qədər çətin görünür. Çünki müəyyən risklər mövcuddur. Separatçı rejim Azərbaycan tərəfinin istənilən irəliləməsini dünyaya soyqırımı, deportasiya kimi təqdim edəcək. "Humanitar böhranın" BMT-də müzakirəsinə nail olan tərəf hansısa mülkinin ölümünü necə manipulyasiya edəcək təsəvvür etmək elə də çətin deyil.
Sülh iki tərəfin ortaq qərarı olmadığı kimi, hərb də iki tərəfin qərarı olmur. Mütləq şəkildə regiondakı və beynəlxalq güclərlə uzlaşma vacibdir...
Səxavət Məmməd