
Son günlər Ermənistan mütəmadi olaraq sərhədboyu ərazilərdə təxribatlar törədir. Qarşı tərəf ordumuzun mövqelərini atəşə tutmaqla yeni münaqişə ocağı axtarır.
Müdafiə nazirliyinin məlumatında bildirilib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb. Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb. Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.
"Operativ Media"ya açıqlama verən hərbi ekspert Telman Qasımov deyir ki, Ermənistan belə hərəkətlərlə bir daha revanşist siyasət yürütdüyünü göstərir.
"Xüsusən də iki gündür ki, cəbhə boyunca eskalasiyanın artması təbii ki, narahatlıq doğurur. Xüsusən Kəlbəcər, Gədəbəy, Naxçıvan, Qazax istiqamətindən hücumların aktivləşməsi qarşı tərəfin sakitləşmədiyini göstərir".
Ekspertin sözlərinə görə, Ermənistan artıq Azərbaycan üçün başqa çıxış yolu qoymur. Hadisələrin gedişatı yaxında sülhə məcbuertemə əməliyyatının başlaması ilə nəticələnə bilər.
"Çalışırlar ki, sərhəddə sabitliyi pozmaqla beynəlxalq ictimaiyyətin diqqətini bura cəlb etsinlər. İstər Ermənistan tərəfindən sərhədlərimizin pozulması, istərsə də Qarabağda olan əli silahlı quldurların tərksilah edilməsi Azərbaycanın leğitim hüququdur. Bunun başqa yolu yoxdur. Ya Azərbaycanla normal şəraitdə qalıb yaşamalıdırlar, sabitliyi qorumalıdırlar, ya da xüsusi əməliyyatlar keçirilə bilər".
Ekspert əlvə edib ki, vəziyyətə tam nəzarət edən Azərbaycan ordusu bu dəfə də sərt addımlarla qarşı tərəfi susduracaq.