Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün İş Planına “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri” mövzusunda dinləmənin keçirilməsi daxil edilib.
Bəs onkoloji xəstələrə tibbi yardımda əsas ehtiyaclar nələrdir?
Bu barədə həkim-onkoloq Aliyə Aslanova “Operativ Media”ya açıqlama verib.
O bildirib ki, ilkin olaraq onkoloji xəstənin mərhələsi təyin olunduqdan sonra uyğun tibbi yardım göstərilməlidir.
“Xəstələr mütəxəssislər tərəfindən təyin olunan ağrıkəsicilərdən istifadə etməlidirlər. Eyni zamanda xəstəyə yaxınları və ya tibbi savadı olan biri tərəfindən dəstək yardımı lazımdır. Bu mövzu əgər müzakirəyə çıxarılıbsa, onkoloji diaqnoz qoyulan xəstəyə dərman və mütəxəssis yardımı nəzərə alınmalıdır”.
Həkim qeyd edib ki, onkoloji xəstə üçün ayrılan kimyaterapiya dərmanlarının qarşılanması məsələsi mütləq müzakirə olunmalıdır:
“Hər xəstənin diaqnozuna uyğun olaraq özünə aid dərman protokolu var ki, bu protokollar yalnız tibbi yardım siyahısına daxildir. Həmin xəstəyə vacib olan dərmanların qarşılanmasına dəstək olunması onkoloji xəstələrin perspektivləri baxımından önəmlidir. Xəstənin bu dərmanları pulsuz əldə etməsi onun sağalma şansıdır”.
A.Aslanova əlavə edib ki, ölkəmizdə hazırda onkoloji xəstələr diqqətdən kənar qoyulmayıb, amma bunların yetməyən tərəfləri də qarşılanarsa, bu daha effektiv olar.
Sevinc İbrahimzadə






