“Ölkəmizdə dəm qazını havadan təmizləyə bilən qurğu hələ ki yoxdur”
Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının normadan artıq olduğu müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Bəs havadakı dəm qazını təmizləməyin hər hansısa üsulları varmı?
Bununla bağlı “Operativ Media”ya açıqlama verən ekoloq Cavid Hüseynov bildirib ki, dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olması nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır:
“Karbon monooksid (CO, dəm qazı) metanın yanması nəticəsində yaranan iysiz, dadsız, rəngsiz və qıcıqlandırıcı xüsusiyyətləri olmayan qazdır. Adətən CO-nun atmosferdə konsentrasiyası 0,001 faizdən aşağı olur, lakin şəhər ərazilərində və ya qapalı mühitlərdə bundan yüksək ola bilər. Oksigenlə müqayisədə CO hemoqlobinlə daha möhkəm birləşərək, karboksihemoqlobin əmələ gətirir (COHb), nəticədə oksigenin nəqli və sərfinin zəifləməsi baş verir. CO həmçinin iltihab kaskadını sürətləndirir, bunun hesabına MSS-də lipidlərin peroksidləşməsi və gecikmiş nevroloji fəsadlara səbəb olur”.
Ekoloq qeyd edib ki, okean, eləcə də qurudakı ekosistemlər insan fəaliyyətinin nəticəsi olan karbon qazı tullantılarının təqribən üçdəbir hissəsini udur:
“Okean karbon qazını iki mərhələdə toplayır: əvvəlcə CO2 suyun üst qatında həll olur, sonra dövretmə və qarışma nəticəsində su kütləsində paylanır, səthdən daxili sahələrə qarışır, burada toplanaraq saxlanılır. Suda həll olan karbon qazı dəniz suyunun turşululuğunu artırır. Əldə olunmuş məlumatlar göstərib ki, belə yüksək turşululuq artıq 3 min metr dərinliyə çatıb. Okeanların insanın təsərrüfat fəaliyyəti ilə bağlı karbon qazı tullantılarını udmaq qabiliyyəti olmasaydı, Yer kürəsində istiləşmə daha sürətlə gedərdi, atmosferdə karbon qazının konsentrasiyası və iqlim dəyişmələrinin miqyası xeyli yüksək olardı”.
C. Hüseynov respublikamızda dəm qazını atmosferdən təmizləyə bilən hər hansı qurğunun hələki olmadığını vurğulayıb:
“Problemin aradan qaldırılması və ya azaldılması istiqamətində tövsiyyə olunan müəyyən üsullar səmərə verə bilər. Məsələn, istehsal sahələrində texnoloji avadanlıqların yeniləşdirilməsi və tullantısız texnologiyadan istifadə etmə, köhnəlmiş, yaxud köhnə tipli qaz-toztutucu qurğuların çıxdaş edilməsi, müəssisənin həyətyanı sahəsində, sexlərdə fotosintez effekti yüksək olan yaşıl bitkilərin salınması, həmçinin sənaye müəssisələrinin yaşayış məntəqələrindən kənarda yerləşdirilməsi və maksimum utilizə gücünə malik avadanlıqlarla təchiz edilmiş yardımçı sexlərin tikilməsi, tullantı məhsullarının təkrar istehsala cəlb olunması bu istiqamətdə görüləsi tədbirlərdən ola bilər.. bununla yanaşı müəssisənin rəhbər orqanları, mühəndis və digər işçiləri üçün vaxtaşırı ekoloji kursların təşkil olunması, müəssisə rəhbərinin, digər məsul işçilərin təyinatı zamanı mövcud qanunvericiliyə əsasın, ekoloji biliyinin yoxlanılması, istehsal prosesində əmələ gələn və istixana effekti yaradan CO2 və digər texnogen qazları neytrallaşdıran texnologiyanın işlənib hazırlanması havadakı dəm qazının miqdarını azaltmağa yardım edə bilər”.
Sevinc İbrahimzadə