
Son aylarda Bakı bazarlarına Dubaydan gətirilən avtomobillərin sayı kəskin artıb. Artıq avtomobil bazarlarında say artımı hiss edilir. Ötən bazar günü və ondan əvvəlki həftə Badamdar və Sumqayıt maşın bazarlarına günün birinci yarısından giriş dayandırılmışdı.
Bəs ölkəyə bu qədər avtomobil gətirilirsə, qiymətlər niyə ucuzlaşmır?
“Operativ Media”ya açıqlama verən avtomobil bazarları üzrə ekspert Elnur Sərdarlı deyir ki, bazarda təklif tələbdən qat-qat artıqdır. Lakin alıcılıq da hədsiz dərəcədə aşağıdır.
“İnsanlar var ki, aylardır bir maşını sata bilmir. Səbəb isə odur ki, bazar artıq dolub. Avtomobil alqı-satqısına biznes kimi baxan insanların sayı durmadan artır. Vətəndaş düşünür ki, bir ev alıb kirayə vermək əvəzinə həmin pula 7-8 maşın alaram. Avtombildən asılı olaraq da 4-5 aya satıb, qazanc əldə etmək mümkündür. Dubay bazarlarında isə vəziyyət fərqlidir. Koreya və Amerika bazarlarından avtomobil aldıqda, onun gəlməyi azı 3 ay çəkir. Dubay isə yaxın olduğundan 15 günə gəlir. Üstəlik bilet ucuz olduğundan cəmi 110 dollara Dubaya gedib auksionda iştirak edərək maşın alıb gəlmək mümkündür. Ona görə də insanlar daha çox bu bazara üz tuturlar”.
Elnur Sərdarlının sözlərinə görə, əvvəlki illər Dubay bazarlarına tələbatın aşağı olmasının səbəbi qiymətlərin yüksək olması idi.
“Nazirlər Kabinetinin son qərarı ilə vəziyyət dəyişdi. Artıq istehsal ili 10 ildən çox olan avtomobili gətirmək mümkün deyil. Bu gün Bakıda xüsusilə taksidə istifadə olunan ucuz maşınlar həmin vaxtda gətirilib. İndi isə Koreya, Avropa və Amerikadan gətirilən avtomobillərin qiyməti əvvəlki kimi ucuz deyil. Koreya bazarlarında Hyundai Elantra modellərini 3 000-4 000 dollara tapmaq olurdu. İndi isə 5 000 dollardan ucuz almaq mümkün deyil. Dubaydan gətirilən maşınlar isə daha çox Yaponiya istehsalı olan maşınlardır. Bu maşınların ili təzə, yürüşü isə az olur. Bazarda yeni olan modellər də var ki, onlar da yeni-yeni daxil olur. Amma tədricən onlar da alıcı tapacaq. Qiymətlərin enməsi isə gözlənilmir. Çünki xarici bazarlarda da qiymət artımı var. Üstəlik çox təsəsüf ki, Azərbaycanda bu işi monopoliyaya çevirənlər var. Bəlli adamlar var ki, onlar bazara az xas olan bir avtomobildən 30-40 ədəd, bəzən də çox gətirirlər. Bir neçə şəxs var ki, qruplaşıb hamısı eyni qiymətə qoyurlar”.