Ailədaxili zorakılıq sadəcə bir ailənin içində baş verən şəxsi problem kimi qiymətləndirilə bilməz. Bu hadisə cəmiyyətin mənəvi dəyərlərini sarsıdan, sosial sabitliyə və insanların təhlükəsizlik hissinə ciddi zərbə vuran bir problemdir.
Zorakılıq ən çox etibar edilən, “ev” adlanan məkanda baş verdiyi üçün onun fəsadları daha ağır, təsirləri isə daha dərin olur. Son illərdə Azərbaycanda qadın və uşaqların müdafiəsi istiqamətində hüquqi islahatlar aparılsa da, qanunların mövcudluğu hələ onların effektiv şəkildə tətbiq olunması demək deyil.
Zorakılığa məruz qalan şəxslərin hüquqlarının bərpası üçün sığınacaqların fəaliyyəti, psixoloji və sosial dəstək sistemlərinin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Buna görə də ailədaxili zorakılıqla mübarizə təkcə hüquqi məsələ deyil, eyni zamanda cəmiyyətin vicdanını və sosial məsuliyyətini əks etdirən mühüm bir çağırışdır.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektoru müdiri Vəfa Ələkbərova Operativ Media-ya bildirib ki, hazırda ölkə ərazisində məişət zorakılığına məruz qalmış şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fəaliyyətə keçirilmiş 8 Dəstək və Yardım Mərkəzi mövcuddur. Bu mərkəzlərdən 6-sı eyni zamanda sığınacaq xidməti göstərir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin nəzdində həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəz 2017-ci ildən etibarən fəaliyyətə başlayıb.
2021-ci ildən isə mərkəzdə məişət zorakılığına məruz qalan şəxslər üçün Sosial Reabilitasiya Şöbəsi yaradılıb və bu struktur zərərçəkmişlərin sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin edir.
Bu fəaliyyət ölkədə məişət zorakılığı ilə mübarizənin institusional əsaslarının möhkəmləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi və onların cəmiyyətə reinteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən Operativ Media-ya bildirilib ki, Agentliyin müvafiq müəssisəsində çətin həyat şəraitində yaşayan şəxslərə, eləcə də məişət zorakılığından zərər çəkmiş insanlara xidmət göstərilir. Onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilir:

"Buraya qəbul edilən şəxslərin sosial xidmətə olan tələbatı qiymətləndirilir, hər bir sakin üçün fərdi iş planı hazırlanır. Müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində zəruri xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər. Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı tədbirlər görülür. Burada müasir tələblərə uyğun şərait yaradılıb. Məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir.
Hazırda müəssisədə məişət zorakılığından zərər çəkmiş 6 nəfərə xidmət göstərilir. Onlardan 2-si qadın, 4-ü uşaqdır.
Müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya “DOST” mərkəzləri vasitəsilə aparılır. Həmçinin, vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 WhatsApp sosial platforması, eləcə də sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər.
Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası da Nazirlik tərəfindən həyata keçirilir. Komissiya 2021-ci ildən etibarən bu sahədə fəaliyyət göstərən qeyri-dövlət yardım mərkəzlərinin monitorinqinə başlayıb. Bu proses 3 ildən bir təkrarlanır və monitorinq nəticəsində tələblərə uyğun gələn mərkəzlər akkreditə olunur. Hazırda qeyd olunan istiqamətdə ümumilikdə 8 qeyri-dövlət yardım mərkəzi akreditasiyadan keçib.
Eləcə də, Agentliyin sosial sifarişləri ilə məişət zorakılığı ilə mübarizə sahəsində layihələr icra olunur. Hər il olduğu kimi bu il də icra olunan “Sosial sığınacağın inkişafına dəstək” layihəsi çərçivəsində isə baxımsız və sosial təhlükəli vəziyyətdə olan şəxslərlə yanaşı məişət zorakılığından zərər çəkmiş şəxslərə də xidmət göstərilir. Bu tədbirlər davamlı xarakter daşıyır və gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulub".
Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Burosunun vəkili Aysel Əhmədova Operativ Media-ya məsələnin hüquqi yanlarından danışıb:

“Məişət zorakılığına məruz qalan şəxslər çox zaman ilk addımda nə etməli olduqlarını bilmədiklərindən, ilkin mərhələdə maarifləndirmə işlərinin gücləndirilməsi zəruridir. Bu sahədə hüquq-mühafizə orqanlarının və sosial xidmət qurumlarının həssas və xüsusi yanaşma nümayiş etdirməsi vacibdir, yəni, hadisəyə peşəkar və qərəzsiz şəkildə yanaşmaq, zərərçəkmişi qınaq obyektinə çevirmədən ona dəstək göstərmək əsas prinsip olmalıdır. Beynəlxalq təcrübə göstərir ki, hüquqi mexanizmlərin mövcudluğu kifayət etmir, onların praktik tətbiqində koordinasiyalı fəaliyyət mühüm rol oynayır. Azərbaycanda da bu istiqamətdə hüquqşünasların rolu xüsusilə önəmlidir, çünki onlar həm hüquqi müdafiə prosesinin düzgün qurulmasında, həm də zərərçəkmişlərin hüquqlarının bərpasında əsas vasitəçi rolunu oynayırlar. Sistemin effektivliyini artırmaq üçün hüquq-mühafizə, məhkəmə və icra orqanları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi və zorakılıq qurbanlarına yönəlik hüquqi yardım mexanizmlərinin sadələşdirilməsi vacib islahat istiqamətləri kimi qiymətləndirilə bilər.
Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun bu sahədə mühüm hüquqi baza yaratsa da, onun tətbiqi təcrübəsində müəyyən çətinliklər qalmaqdadır. Təcrübə göstərir ki, çox zaman zərərçəkmişlər qorxu, ictimai qınaq və ya inamsızlıq səbəbindən susmağı seçir və zəruri hüquqi tədbirlərin görülməsindən çəkinirlər. Bununla yanaşı, dövlətin zorakılıq qurbanlarını qorumaq istiqamətində pozitiv öhdəliklərinin tam və ardıcıl şəkildə icrası xüsusi əhəmiyyət daşıyır. Həm fərdi təşəbbüslərin, həm də dövlətin məsuliyyətli fəaliyyətinin uzlaşdırılması nəticəsində məişət zorakılığı hallarının qarşısının alınması və qurbanların real müdafiəsi daha effektiv şəkildə təmin oluna bilər.
İlk öncə qeyd edək ki, mühafizə orderi dedikdə məişət zorakılığı törətmiş şəxsin zərərçəkmişə qarşı müəyyən hərəkətləri həyata keçirməsinə məhdudiyyətlər qoyan hüquqi akt başa düşülür. Qanunvericiliyə əsasən, bu order qısamüddətli və uzunmüddətli olmaqla iki növdə tətbiq olunur. Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, yerli icra hakimiyyəti orqanları tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir. 2024-cü ildə istinad olunan Qanuna edilmiş dəyişikliklərə əsasən, uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət müddəti əvvəlki 30 gündən 60 günə qaldırılmışdır ki, bu da öz növbəsində məhkəməyə müraciət zaman müəyyən çətinliklər yaradır. Belə ki, Məişət zorakılığı törətmiş şəxsin xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.
Qanunla müəyyən olunmuş məsuliyyət tədbirləri çərçivəsində, xüsusilə 10.3.4-cü maddədə, mühafizə orderinin tələblərinə əməl etməyən şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunması nəzərdə tutulur. Lakin bu sahədə məsuliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsi və effektiv icra olunmasının təmin edilməsi zərurəti hələ də aktual olaraq qalır.
Yuxarıda da qeyd olunduğu kimi, ailədaxili zorakılıq qurbanlarının maarifləndirilməsi onların hüquqlarını və mövcud müdafiə mexanizmlərini bilməsini təmin edir. Dövlət tərəfindən pulsuz hüquqi yardımın gücləndirilməsi isə bu prosesə birbaşa dəstək verir, qurbanların hüquqlarını vaxtında qorumağa, məhkəməyə və digər müvafiq orqanlara müraciət etməyə imkan yaradır. Bu həm hüquqi müdafiənin əlçatanlığını artırır, həm də qurbanların qorunma imkanlarını effektiv şəkildə təmin etməklə zorakılıq hallarının təkrarlanmasının qarşısını almağa kömək edir. Artıq məişət zorakılığı qurbanlarına dövlət hesabına hüquqi yardım göstərilməsi mexanizmi qanunvericilikdə ayrıca əksini tapmışdır. Məsələn, Mülki Prosessual Məcəllənin 67-1.4-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinin kifayət qədər əsaslı olduğunu müəyyən etdikdə, zərərçəkmiş şəxslər vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilir və ödəmə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Bu maddədə konkret olaraq məişət zorakılığından zərər çəkmiş şəxslər, əlilliyi olan şəxslər və uşaqlar, ünvanlı sosial yardımı alan ailə üzvləri və maddi vəziyyəti aşağı olan digər şəxslər nəzərdə tutulur”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Könül Nurullayeva Operativ Media-ya bildirib ki, heç bir səbəb zorakılığa haqq qazandıra bilməz:

"Son beş il ərzində məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin sayı artıb. Təhlillər göstərir ki, psixoloji, fiziki, iqtisadi, kiberzorakılıq, eləcə də cinsi zorakılıqdan əziyyət çəkənlər çoxluq təşkil edir.
Ümumiyyətlə, məişət zorakılığı öz başlanğıcını gender bərabərsizliyindən götürür. Ona görə də dövlət tərəfindən gender probleminin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilir. Məişət zorakılığının qarşısının alınması üzrə hüquqi və qanunvericilik bazası daim təkmilləşdirilməlidir. Hesab edirəm ki, Azərbaycanda bu sahədə görülən işlər təqdirəlayiqdir. İnsan hüquqlarının tərkib hissəsi olan qadın və uşaq hüquqları, o cümlədən gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi aktların, müxtəlif qanunların qəbul edilməsi məişət zorakılığının qarşısının alınması sahəsində müsbət nəticələrin əldə edilməsinə səbəb oub. Həmçinin məişət zorakılığı ilə mübarizənin gücləndirilməsini, qurbanların hüquqi müdafiə vasitələrini nəzərdə tutan "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nı təsdiq edilmişdir. azirlər Kabinetini Qərarı ilə 2012-ci ildə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası” təsdiq olunub. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydasına uyğun olaraq həyata keçirilirdi və bu qayda o qədər də işlək deyil. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətlərə baxılmasında bir çox çətinliklər yaranırdı. Lakin ötən il qanunvericilkdə edilən dəyşiklik sayəsində bu məsələ də həllini tapdı.
Bununla belə, müəyyən çatışmazlıqlar da var. Xüsusilə regionlarda məişət zorakılığı ilə bağlı qaynar xətlərin intensivliyinə ehtiyac var. Qanunların icra mexanizminin güclənmədirilməsi də vacibdir. Hesab edirəm ki, cəmiyyətdə ailədaxili zorakılığa qarşı maarifləndirmə, dəstək mexanizmləri vacibdir. Ailədaxili münaqişələrin qarşısı yalnız hüquqi tədbirlər və cəza ilə deyil, həm də maarifləndirmə, psixoloji dəstək vasitəsilə də alına bilər. Regionlarda xidmət mərkəzləri daha da gücləndirilməldir. Çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlar üçün real tədbirlər görülməlidir.
Hazırda ölkə ərazisində məişət zorakılığından zərər çəkmiş şəxslər üçün səkkiz qeyri-dövlət yardım mərkəzi mövcuddur, onlardan altısı həmçinin sığınacaq xidməti göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi" də fəaliyyət göstərir.
Məişət zorakılığının qarşısının alınması sahəsində dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları var. Həmin qrupların fəaliyyətinə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb olunur.
Beynəlxalq təcrübəyə baxsaq, Aİ-yə üzv dövlətlərin əksəriyyətində məişət zorakılığı ayrıca bir cinayət əməli olaraq kriminallaşdırılır və ya digər qanun pozuntularını ağırlaşdırıcı hal kimi dəyərləndirilir.
Hesab edirəm ki, heç bir səbəb zorakılığa haqq qazandıra bilməz”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə hazırlanıb.






