
Buraxılış imtahanlarına artıq 2 gün qalıb. Martın 3-də və 10-da 11 illik tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Bir çox abituriyent bu mərhələni stressli və gərgin keçirir. Təbii ki, bu onların nəticələrinə təsirsiz ötüşmür.
Bəs yaxşı nəticə üçün abituriyent və valideynləri nə etməlidirlər?
“Operativ Media”ya açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, abituriyentlər nəinki imtahan günü, hətta həmin həftə boyu həyəcan və stressdən kənar qalmalıdırlar:
“İmtahan verəcək şəxslər və onların valideynləri 3 mart və 10 mart tarixində keçiriləcək imtahanlara öncədən sənədlərini hazır etməlidirlər. Buraxılış vərəqi və şəxsiyyət vəsiqəsinin götürülməsi mütləq yoxlanılmalıdır. İmtahan martın 3-dədirsə, şagirdin martın 2-də nəsə oxuyub, təkrarlamasına ehtiyac yoxdur. İmtahanda parlaq, diqqət cəlb edəcək, narahat olacaq geyimlərdən istifadə etməsinlər. Hansı fənni yaxşı bilirlərsə, ondan başlasınlar. Uzun vaxt aparacaq suallara ilk başdan çox vaxt ayırmasınlar”.
Psixoloqlar isə deyirlər ki, hər il imtahan ərəfəsində stress, həyəcan, gərginliklə bağlı müraciətlər artır.
Psixoloq Vəfa Əkbərin sözlərinə görə, bu məsələdə ən çox məsuliyyət valideynin üzərinə düşür. Onlar həm imtahandan əvvəl, həm də sonra övladları ilə davranışlarına xüsusi diqqət etməlidirlər:
“Valideynlər burada ekstra anlayışlı olmalıdırlar. Çünki uşaqlar ekstra anlayışlı ola bilmirlər, çox zaman valideyn-müəllim əlaqələrində ancaq uşağı danlayırlar. Bu cür olmamalıdır. Müsbət tərəfləri qabardıb, mənfi olanların da düzələcəyini demək lazımdır. Valideynin stressi abituriyentin stressindən dolayıdır. Abituriyent bu cür gərginliyi görürsə, özü də gərginləşir. Həmin ərəfədə abituriyentlər həm öz məsuliyyətlərini daşıyırlar, həm də valideynlərinin və müəllimlərin etimadını doğrultmağa çalışırlar. Təbii ki, bu da həmin insanda fikir dağınıqlığına, yaddaş zəifləməsinə gətirib çıxarır. Valideynlər əsla uşağı yükləməməlidirlər. İlk növbədə, hər abtituriyent öz istədiyi fakültəyə hazırlaşmalıdır. Yuxu rejimi və istirahət isə mütləq nəzərə alınmalıdır”.