8 Mart Beynəlxalq Qadınlar Günü üçün restoranlar, gül dükanları, hədiyyə ətir mağazaları xüsusi hazırlaşıb. Böyük şəbəkələr artıq 10 gündən çoxdur ki, öz kampaniyaları barədə reklam çarxlarına başlayıb.
Bəs 8 mart günü üçün ən çox hansı hədiyyələr alınır və neçəyə başa gəlir?
“Operativ Media” ilk olaraq şəhərdəki restoranların qiymətinni araşdırıb. İki nəfər üçün təkliflər 50 manatdan başlasa da, qiymətlər 500 manatın üzərinə də çıxır. Bakıdakı restoran şəbəkələrinin birinin adminstratoru olan Cabbar Şükürov deyir ki, 8 Mart üçün hətta fevral ayından rezervasiya üçün müraciətə başlanılıb.
“İki nəfərlik masada ortalama hesab 50-60, dörd nəfərlik masada isə 100-150 manat arası dəyişə bilər. Boş stollarımız yoxdur, hamısı rezervasiya olunub. Adi günlərdən fərqli olaraq 8 Martla bağlı bizim restoranda şou proqramlar olacaq. Həmçinin bizim restorana gələn xanım qonaqlar üçün sürprizlərimiz var. Müxtəlif hədiyyələr veriləcək. Menyularımız 50-150 manat arasıdır. Xüsusi konsert olan təklifimiz var, hansı ki, tanınmış müğənnilər iştirak edəcək. Həmin restoran üçün qiymət 250 manatdır. Yemək isə limitsiz olacaq”.
8 Mart üçün olmazsa-olmaz hədiyyə deyirsinizsə, bu sössüz ki, güldür. Yeganə hədiyyədir ki, 5 manat xərcləyib də hədiyyə vermək istədiyiniz xanımı sevindirə bilərsiniz, 5 min manat da. Satıcılar deyirlər ki, tək qızılgül üç manat, buketlər isə 25 manatdan başlayır. Əgər buketə müxtəlif növ güllər əlavə olunarsa, qiymətlər bir qədər də qalxır. Xüsusilə gənc qızların favorit seçimi olan 101 qızılgül buketinin qiyməti isə 500 manatdan başlayır.
Bundan əlavə say 501 və ya 1001 ədəd olduqda isə qiymət 2000-5000 manat arası dəyişir.
Bu günlərdə ən çox seçilən və alınan hədiyyələrdən biri isə ətirlərdir. Son 10 il ərzində qiyməti kəskin bahalaşsa da, ətirlərə hər zaman tələbat var. Keyfiyyətli qadın ətirlərinin qiymətləri isə 40-500 manat arasında dəyişir. Satıcılar deyir ki, hazırda bazarlarda orijinal ətirlər az alınsa da, digərlərinə tələbat var.
“Ən çox satılan ətirlər qiyməti 20 manata qədər olanlardır. Original ətir alan azdır. Alıcılar daha çox Dubay istehsalı ətirlərə üstünlük verirlər. Son 10 ildir ki, ətir sektorunda vəziyyət dəyişib. Dubayda istehsal olunan ətirlər elə seçilir ki, qablaşdırması həm original ətirin qabına oxşayır, həm də iyi eyni notlardan götürülür. Ona görə də, ən çox satılan Dubay ətirləridir. Artıq biz görürük ki, böyük brend şəbəkələrdə də Dubay istehsalı ətirlər artıb. 8 martla əlaqədar isə alıcılıq artıb. 1000 manata qədər satılan ətirlərimiz var. Amma alınan 20-200 manat arası olanlardır”.
Martın 8-i 35 manatlıq orta ölçüdə buket alıb, şam yeməyi üçün ortalama 150 manatlıq bir restoran rezerv etsəniz, aldığınız 100 manatlıq ətirlə birlikdə gün sizə 285 manata başa gələcək.






